Azərbaycanda ilk biznes-inkubasiya mərkəzi yaradılacaq

Azərbaycanda ilk biznes-inkubasiya mərkəzi yaradılacaq
# 13 dekabr 2013 09:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “Startup”çılar şəbəkəsi - biznes inkubasiya mərkəzi yaradılacaq.

APA-Economics”in xəbərinə görə, “Pi kampus” adı verilən biznes inkubatorun 2014-cü ilin yanvar ayından fəaliyyət göstərməsi nəzərdə tutulub.

Mərkəzdə sırf “Startup”çılar, təşəbbüskarlar, proqramçılar üçün mühit yaradılacaq. Burada birgə iş yerləri, görüş və təlimlər, tədbirlər, yaşıl auditoriya, gizli bağça və istirahət guşəsi də təşkil olunacaq.

Mərkəzin Biznesin inkişafı və investisiyalar departamentinin rəis müavini Kənan Əliyev bildirib ki, Yüksək Texnologiyalar Parkının nəzdində olacaq “Pi kampus” Azərbaycan dövləti, iqtisadiyyatı üçün maraqlı olan “Startup” layihələri qəbul edəcək: “Layihələr əvvəlcə incələnəcək. Seçilən layihələrə dəstək veriləcək. “Startup”çılara təhsil almaq, yerli və xarici mütəxəssislərdən təlim almaq imkanı yaradılacaq. Onlar birgə fikir mübadiləsi aparacaq, ideyalarını bölüşə biləcəklər. Hər 3 aydan bir sahibkarlarla görüşlər təşkil ediləcək. Bundan başqa, onlar 3 aydan 6 aya qədər inkubasiya müddətini keçməli olacaqlar”.

K.Əliyev əlavə edib ki, layihə ilə bağlı artıq regional və Avropa ölkələrinin universitetləri ilə əlaqələr qurulub. Mərkəz fəaliyyətə başladıqdan sonra “Startup”çıların maraqlarına uyğun olaraq həmin ali təhsil müəssisələri ilə konkret danışıqlara başlanacaq.

Qeyd edək ki, Azərbaycanda ilk olan biznes-inkubatorun regional və beynəlxalq mərkəzə çevrilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR