Azərbaycan alimlərinin 20%-i 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb

Azərbaycan alimlərinin 20%-i 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb
# 02 iyul 2014 11:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda qeyd olunub ki, bu durğunluğun əsas səbəbi AMEA-da uzunmüddətli kadr sabitliyinin olmasıdır. Nəticədə AMEA alimlərinin 20%-i 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb.

Əməkdaşların təqaüdlə təminatının qənaətbəxş olmaması vəziyyəti daha da çətinləşdirir. İşdən azad edilməsi mexanizminin olmaması isə gənc elmi işçilərin karyera pilləsində irəliləyişinə maneə törədir. Bu gün cəmiyyətdə, xüsusilə onun gənclər təbəqəsində AMEA-nın müsbət simasının bərqərar olması mühüm məsələ kimi qarşıya qoyulmalıdır. Özəl sektorda və ali məktəblərdə yüksək əməkhaqqının olması fəal gəncləri elmdən daha çox oraya cəlb edir. Gənc alimləri elmə yönəltmək üçün dövlət tərəfindən təqaüd və qrant şəklində əlavə stimulların təsis edilməsi məqsədəuyğun olardı.

AMEA-da kadr tərkibinin yaxşılaşdırılması üçün bəzi tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. Bunlara cəmiyyətdə elmi əməyin nüfuzunun bərpası, onun ənənəvi yüksək məvaciblər təmini, ali məktəb və akademiya elminin inteqrasiya prosesinin intensivləşdirilməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində magistraturanı başa vuran gəncləri AMEA-da güzəştli şərtlərlə işləməsi üçün AMEA və Təhsil Nazirliyi arasında razılığın əldə edilməsi daxildir. Bundan əlavə, alimlərin tədqiqatlarının himayə edilməsi məqsədilə müxtəlif fondların yaradılması, gənc elmlər doktorları və fəlsəfə doktorlarına elmi tədqiqatların himayə edilməsi məqsədilə Prezident qrantlarının verilməsi, gənc mütəxəssislərin kontrakt üsulu ilə işə götürülməsi, AMEA-da fəaliyyət göstərən gənc ali və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara cəlb etmək məqsədilə onlar üçün Azərbaycan alimlərinin adına medal diplom və digər mükafatların təsis edilməsi, AMEA-da doktorantura sisteminin saxlanılması və magistraturanın tətbiqi, fəlsəfə və elmlər doktorantların hazırlanması üzrə yeni konsepsiyanın işlənilməsi, magistraturada, doktoranturada təhsil alan gənclərə möhlət hüququnun verilməsi kadr tərkibinin yaxşılaşdırılmasına xidmət edər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR