İranın xarici işlər naziri: “İranın nüvə fəaliyyətləri Yaponiyanın nüvə fəaliyyətləri kimi olacaq”

İranın xarici işlər naziri: “İranın nüvə fəaliyyətləri Yaponiyanın nüvə fəaliyyətləri kimi olacaq”
# 18 dekabr 2013 10:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsi etimad mühitinin yaranmasına yardım göstərmir”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə dövlət televiziyasına müsahibəsində rəhbərlik etdiyi qurumun yüz gün ərzində gördüyü işlərlə bağlı hesabat verərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-ın son sanksiyaları İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmanı pozmasa da, ancaq bu addım etimad da yaratmır.

M.C.Zərif deyib ki, İran Xarici İşlər Nazirliyinin yüz gün ərzindəki ən mühüm nailiyyətlərindən biri ölkəyə zərbə vurmaq üçün çalışan İsrailin səylərini iflasa uğratmasıdır: “Bu müvəffəqiyyətin bariz nümunələrindən biri də Cenevrə razılaşmasıdır”.

Nazir nüvə anlaşması ilə bağlı hər iki tərəfin fərqli baxışa malik olmasına da toxunub: “ABŞ-da bir çox daxili qayğılar siyasəti formalaşdırır və bu ölkənin bir çox qayğıları daxili təzyiqlərə cavabdehdir. Əlbəttə, bu, ABŞ xalqının təzyiq göstərdiyi mənasını vermir. Təəssüflər olsun ki, ABŞ rəsmiləri öz ziddiyyətli açıqlamaları ilə təzyiq göstərən güclü lobbi qruplarına cavab verirlər. ABŞ-da formalaşan indeks hələ də xülyadan yaranır. Bu xülya ABŞ-ın təhdid və qorxutmaqla öz proqramını irəlilədə biləcəyindən ibarətdir. Müqavimətlə İran İslam inqilabının əsl indeksinə əsasən konstruktiv anlaşma istiqamətində nəticəni əldə etmək olar. İranla “altılıq” ölkələrinin addımları dəyərləndirmə və sədaqəti sınamaq istiqamətində olacaq. Qərblilər öz öhdəliklərinə sadiq qalmalıdırlar. İranın addımlarının dəyərləndirilməsi mexanizmi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA), qarşı tərəfin addımlarının dəyərləndirilməsi mexanizmi isə Cenevrə razılaşması çərçivəsində formalaşan müştərək komissiyaya tapşırılıb. Nüvə anlaşmasının ilkin addımının məqsədi İran torpağında uranın zənginləşdirilməsi prosesinin davam etməsi, digəri isə BMT Təhlükəsizlik Şurasının sanksiyaları, birtərəfli, ikitərəfli və çox tərəfli sanksiyaların aradan qaldırılmasıdır”.

M.C.Zərif vurğulayıb ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri çox çətin olacaq: “Lakin bu müzakirələr müddətli olacaq, həmin müddətdən sonra İranın nüvə fəaliyyətləri Yaponiyanın nüvə fəaliyyətləri kimi olacaq”.

Nazir “Nüvə İranı” ifadəsini də qeyri-düzgün adlandırıb: “Nüvə silahlarının istehsalı və yayılmamasının qarşısının alınması müqaviləsinə (NPT) üzv ölkələr qeyri-nüvə dövlətləri adlandırılırlar. İranın da onların hamısı kimi öz dincməqsədli nüvə fəaliyyətlərinin davam etməsi üçün heç bir məhdudiyyəti olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR