Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işləri gələn il başa çatacaq - FOTO

Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işləri gələn il başa çatacaq - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 13:15 (UTC +04:00)

Bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə «Azərsu»nun Pirallahı rayon Sukanal İdarəsi yaradılıb. Hazırda yeni yaradılmış rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün təxirəsalınmaz tədbirlər və strateji layihələr həyata keçirilir.

«Azərsu»dan «APA-Economics»ə verilən məlumata görə, 14 min nəfər əhalisi olan Pirallahı sakinləri 30 ilə yaxındır içməli suyu maşınlarla alır. Özəl nəqliyyat vasitələri ilə qəsəbəyə daşınan içməli su əhaliyə pul ilə satılırdı. Pirallahı qəsəbəsində içməli su təchizatı tam mərkəzləşdirilmiş qaydada təmin edilənə qədər «Azərsu»nun su maşınları ilə qəsəbə sakinlərinə, həmçinin təhsil və səhiyyə müəssisələrinə pulsuz su çatdırılır.

Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Qəsəbəyə Zirə yaxınlığında qazılmış artezian quyulardan məişətdə istifadə etmək üçün texniki su verilir. Əvvəllər abonentlər həftədə cəmi 1 gün qrafik əsasında su ala bilirdisə, görülmüş işlər nəticəsində (qeyri-qanuni qoşulmaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması, verilən suyun həcminin artırılması hesabına) hazırda gündəlik rejimə keçilib, sakinlər səhər və axşam qrafiklə su alır.

Qəsəbənin içməli su probleminin tamamilə həll edilməsi isə yeni infrastrukturun yaradılmasından sonra mümkün olacaq. Hazırda qəsəbə ərazisində inşası nəzərdə tutulan 72 km su, 60 km kanalizasiya və 4 km yağış suları xətlərinin tikintisi davam etdirilir. Tikinti işlərinin başlanmasından indiyədək su xətlərinin 60%, kanalizasiya xətlərinin 20%, yağış sularının axıdılması xətlərinin isə 10%-də işlər yekunlaşıb. Eyni zamanda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənmiş və dik dayaqlar pilləkən qəfəslərinə çıxarılıb. Hər bir abunəçinin samrt-kart tipli sayğacla təmin olunması nəzərdə tutulur.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaq. Ümumilikdə, Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Pirallahı rayonunun ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə içməli su gəmilərlə daşınır. Bununla yanaşı, Çilov adasının sakinləri ARDNŞ-in quraşdırdığı əks-osmos bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR