Vidadi Mirkamal: “Milli Şurada müəyyən islahatlar aparmadan İctimai Palatanı buraxmaq olmaz”

Vidadi Mirkamal: “Milli Şurada müəyyən islahatlar aparmadan İctimai Palatanı buraxmaq olmaz”
# 30 oktyabr 2013 13:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “İctimai Palata o halda buraxıla bilər ki, Milli Şuranın indiki strukturu dəyişsin”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. O bildirib ki, İP son 3 il ərzində müxalifət təşkilatlarının birləşdiyi təşkilat olaraq ictimai-siyasi həyata əhəmiyyətli dərəcədə təsir göstərən qurumdur və onun buraxılması asan məsələ deyil.

İctimai Palatanın fəaliyyətinə xitam vermək üçün daha yaxşı təşkilati bir forma yaratmağın vacibliyini vurğulayan V. Mirkamalın fikrincə, İctimai Palatanı buraxmaq üçün Milli Şurada müəyyən islahatlar aparmaq lazımdır və qurum idarəolunan bir orqana çevrilməlidir: “Öncə Milli Şuranın sıraları təmizlənməlidir. Çünki bir çox insan qurumun fəaliyyətində iştirak etmir. Hətta Milli Şuranın bəzi üzvləri Cəmil Həsənlinin dəstəklənməsi prosesində belə iştirak etməyiblər. Ona görə də hesab edirəm ki, Milli Şuranın sıraları bu insanlardan təmizlənməlidir. Milli Şurada olub, qurumun əleyhinə təbliğat aparan insanlar uzaqlaşdırılmalıdır. Bir sözlə, Milli Şuranın tərkibi optimal olmalı və təmizlənməlidir. İkincisi, Milli Şuranın partiya sədrləri, komissiya üzvlərindən ibarət idarəetmə orqanı yaradılmalıdır. Çünki hazırda Milli Şuranın adından danışacaq heç bir legitim orqan yoxdur. Sonra isə Milli Şuranın yerli təşkilatları yaradılmalıdır. Daha sonra Milli Şurada sədrlik problemi həllini tapmalıdır. Rüstəm İbrahimbəyov qurumun sədri olsa da, onun sədrlik imkanları xeyli məhduddur. Ya Rüstəm İbrahimbəyov özü təklif etməlidir ki, Cəmil Həsənli Milli Şuranın sədri olsun, ya da həmsədr institutunun yaradılması ilə bağlı irəli sürülən təklif qəbul edilməlidir. Bu şərtlərə əməl edildikdən sonra Milli Şura artıq idarəolunan bir orqana çevriləcək və yalnız bundan sonra İctimai Palatanın buraxılması haqqında məsələni müzakirə etmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR