Bu gün Azərbaycanda rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir

Bu gün Azərbaycanda rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir
# 30 mart 2014 06:00 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılıb və 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlandır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaq.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR