Azərbaycanda camışçılığın inkişaf etdirilməsi üçün tədbirlər planı hazırlanır

Azərbaycanda camışçılığın inkişaf etdirilməsi üçün tədbirlər planı hazırlanır
# 12 dekabr 2013 11:29 (UTC +04:00)

Eyni zamanda, gələn il Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında camışçılıq sahəsinin inkişaf etdirilməsi məsələsi xüsusi olaraq müzakirə ediləcək. Bu barədə «APA-Economics»ə Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Ç.Fərəcovun sözlərinə görə, bu işə məsul olan şöbə qeyd edilənlərlə kifayətlənməyəcək: «Biz həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinə problemlə bağlı müraciət edərək, camışçılığın inkişaf etdirilməsi ilə bağlı sahibkarlara yardımın göstərilməsini təklif edəcəyik».

Bundan başqa, şöbə müdiri damazlıq-seleksiya işlərini həyata keçirmək üçün FAO-ya müraciətin planlaşdırıldığını bildirib. Ç.Fərəcov qeyd edib ki, beynəlxalq təşkilatdan camışçılığın inkişafı üçün xüsusi layihənin təqdim edilməsi xahiş olunacaq.

«Həmçinin, qabaqcıl təcrübə məktəbi olacaq pilot bir təsərrüfat yaradacağıq. İnsanların bu sahəyə meylinin artmasına çalışacağıq. Hazırda bu məsələ üzərində iş gedir», - deyə Ç. Fərəcov bildirib.

Qeyd edək ki, camış süd az verdiyi üçün bu heyvanlara Azərbaycanda maraq azalıb. Lakin müqayisə üçün bildirək ki, 1 kq yağın alınması üçün 22 kq inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 kq camış südü lazımdır. Həmçinin, bu heyvanlar yemə az tələbatlıdır, xəstəliyə və isti hava şəraitinə dözümlüdür.

Hazırda Azərbaycanda 265 min baş camış var, lakin ötən ilin analoji dövründə bu heyvanların sayı 400 mindən artıq olub. Yəni, son bir ildə azalma təxminən 34% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR