«Şahdəniz-2» layihəsi çərçivəsində daha bir iri müqavilə bağlanıb

«Şahdəniz-2» layihəsi çərçivəsində daha bir iri müqavilə bağlanıb
# 28 dekabr 2013 10:18 (UTC +04:00)

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, KBR şirkəti ilə bağlanan bu müqavilə «Şahdəniz-2» layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin bağlanması dekabrın 17-də Bakıda imzalanan Mərhələ-2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.

Müqavilənin dəyəri 365 mln. ABŞ dolları təşkil edir. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.

Bu müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət «Şahdəniz-2» dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək, Səngəçal terminalında hər birinin gücü gündə 900 mln. kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 min barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri, təchizat-tədarük xidmətlərinin göstərilməsi və layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir.

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), «Statoil» (15,5%), «Total» (10 %), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR