Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi elektronlaşdırılıb - FOTO - VİDEO

Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi elektronlaşdırılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 10:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti, «Sığortaolunanın onlayn uçota alınması» adlı elektron xidmətini istifadəyə verib. «APA-Economics»in xəbər verdiyi kimi, bununla bağlı keçirilən təqdimat mərasimində DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində hazırda Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.

E.Mehdiyev qeyd edib ki, 2013-sü ildə DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də elektron hökumət portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

DSMF sədri vurğulayıb ki, «Elektron hökumət» portalının statistikasına əsasən, ötən il Fondun elektron xidmətləri əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb: «Bu ildə bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir».

Daha sonra DSMF sədri ictimaiyyətə təqdim olunan «Sığortaolunanın onlayn uçota alınması» adlı yeni xidmət barədə məlumat verərək bildirib ki, bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq.

Tədbirdə DSMF-nin yeni elektron xidmətdən istifadə qaydaları nümayiş etdirilib. Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, «Sığortaolunanın onlayn uçota alınması» elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR