Oqtay Şirəliyev: “Yaxın zamanlarda pnevmoniyaya qarşı peyvəndin tətbiq edilməsi planlaşdırılır”

Oqtay Şirəliyev: “Yaxın zamanlarda pnevmoniyaya qarşı peyvəndin tətbiq edilməsi planlaşdırılır”
# 22 avqust 2013 11:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Bu gün Azərbaycanda, uşaqlar yoluxucu xəstəliklərdən qorumaq üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı peyvənd edilir”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev deyib. O qeyd edib ki, yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır: “Vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya qəbul edilib. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilib.

O. Şirəliyevin sözlərinə görə, son 10 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb: “Bu günədək 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. Qanunsuz fəaliyyət göstərən və ya müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. Keçirilən reydlər zamanı istifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkar olunaraq müsadirə edilib və müvafiq qaydada məhv edilib”.

Səhiyyə naziri bildirib ki, özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzindədir: “Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir”.

O. Şirəliyev onu da əlavə edib ki, gənc mütəxəssislərin respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrinin (Türkiyə, Rusiya, Almaniya, Polşa, Misir) qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçib: “Eyni zamanda, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunan aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunub və həmin kurslarda 1363 mütəxəssis öz təcrübi biliklərini artırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR