YAP: Milli Məclis Türkiyə diplomatlarının İraqda girov götürülməsinə münasibət bildirməlidir

YAP: Milli Məclis Türkiyə diplomatlarının İraqda girov götürülməsinə münasibət bildirməlidir
# 20 iyun 2014 10:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə diplomatlarının İraqda İŞİD silahlıları tərəfindən girov götürülməsinə parlamentin münasibət bildirməsini tələb edib.

APA-nın məlumatına görə, S.Novruzov deyib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir və əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli, bu hərəkət Azərbaycana da qarşı edilir.

O qeyd edib ki, buna görə də NATO PA-nın 86-cı “Rose-Roth” seminarının yekununda Assambleyanın prezidenti də NATO ölkələrindən bu məsələyə dəstək nümayiş etdirməyi xahiş edib: “Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik”.

S.Novruzov həmçinin deyib ki, seminarda müzakirə olunan məsələlərlə bağlı Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: "Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək, Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq. Müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişiklikləri müxtəlif beynəlxalq təşkilatlara tamam başqa bir formada çatdırırlar ki, guya QHT-lər hüquq-mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər. Həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməsi barədə ictimaiyyətə məlumat versin. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR