Xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib

Xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib
# 17 yanvar 2014 16:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Film Fondunda xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə H.Məmmədova həsr edilən fotosərgi nümayiş etdirilib, rol aldığı filmlərdən fraqmentlər göstərilib, sənət dostlarının xatirələri dinlənilib.

Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev qeyd edib ki, anım tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir. O, Həsən Məmmədovu Azərbaycan kinosunun zirvələrindən biri hesab edib: "Həsən Məmmədov Azərbaycan kinosunun yetirdiyi ən böyük aktyorlardan biridir. Bu böyük aktyor haqqında günlərlə danışmaq, onun yaradıcılığı haqqında cild-cild tədqiqat işləri nəşr etdirmək olar. Həsən Məmmədovun bütün rollarında kübarlıq və zadəganlıq vardı".

Kinoşünas Aydın Kazımzadə H.Məmmədovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib, aktyorun canlandırdığı obrazları Azərbaycan kinosunun parlaq səhifəsi kimi qiymətləndirib.

Qeyd edək ki, H.Məmmədov 1938-ci ildə Salyanda doğulub. Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var. H.Məmmədov "Dədə Qorqud", "Qəm pəncərəsi", "Axırıncı aşırım", "Yeddi oğul istərəm" və s. filmlərdə baş rolların ifaçısı olub. O, 2003-cü ilin 26 avqustunda vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR