Türkiyə uzaq mənzilli raket hücumundan müdafiə sistemləri ilə bağlı qərarını dəyişir

Türkiyə uzaq mənzilli raket hücumundan müdafiə sistemləri ilə bağlı qərarını dəyişir
# 26 oktyabr 2013 16:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Türkiyə uzaq mənzilli raket hücumundan müdafiə sistemləri ilə bağlı Qərb şirkətləri ilə danışıqları davam etdirməyə hazırdır. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də baş nazir Rəcəb Tayyib Ərdoğan yeni təkliflərə baxmağa hazır olduqlarını açıqlayıb, bir gün sonra isə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ və Avropa şirkətləri daha yaxşı şərtlər təklif edəcəyi halda, bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini söyləyib.

Ə. Davudoğlu bildirib ki, əsas məqsəd uzaq mənzilli raket hücumundan müdafiə sistemlərinin Türkiyədə birgə istehsalıdır: “Türkiyədə birgə istehsal əsas şərtimizdir. Bizi də narahat edən məqam var. ABŞ və Avropa şirkətləri niyə birgə istehsaldan qaçırlar? Çinlə bərabər ABŞ və Qərb şirkətləri də hələ tenderin iştirakçısıdır, yalnız Rusiya şirkəti tenderdən çıxıb”.

Qeyd edək ki, Türkiyəyə 4 milyard dollara başa gələcək uzaq mənzilli raket hücumundan müdafiə sistemi ilə bağlı tenderə ABŞ (“Patriot”), Rusiya (“C-300”), Fransa-İtaliya ortaqlığı (“Eurosamp-T”) və Çin qatılıb. Çin 3,5 milyard dollara Türkiyəyə bu sistemlərin birgə istehsalı təklifini verib. Sentyabrın 26-da Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin toplantısında raket hücumundan müdafiə sisteminin Çinlə birgə istehsalına qərar verilib. Ancaq Türkiyənin bu qərarı ABŞ başda olmaqla, NATO ölkələri tərəfindən etirazla qarşılanıb. İrəli sürülən arqument isə odur ki, Çin texnologiyası əsasında istehsal ediləcək sistemlər Türkiyənin üzvü olduğu NATO-nun müdafiə sistemlərinə uyğun olmayacaq, alyansın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək.

Bu arada “Hürriyet” qəzeti ABŞ və Avropa şirkətlərinin nümayəndə heyətlərinin artıq Türkiyəyə gəldikləri, müdafiə sənayesi qurumları ilə görüşlər keçirməyə başladıqları barədə məlumat yayıb. Çin isə baş verən prosesdən narahatdır. Çin Xarici İşlər Nazirliyi məsələnin siyasi mövzuya çevrilməməsini, bunun normal bir silah ticarəti kimi qəbul edilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR