Almaniyada Heydər Əliyev adına boks çempionatına start verilir

Almaniyada Heydər Əliyev adına boks çempionatına start verilir
# 04 sentyabr 2013 14:59 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Aysleben şəhərində növbəti boks çempionatına start verir.

Diasporla iş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin adını daşıyan kəmər uğrunda Azərbaycandan ağırçəkili boksçu Elçin Əhmədov, Rusiyadan Adam Qadayev, Qırğızıstandan Timur Zaslavskiy, Belarusdan Henadzi Danilyuk, Polşadan Aleh Dymkavets, Artsem Hurbo, Almaniyadan Marko Angermann, Suriyadan Samir Nebo rinqdə öz gücünü sınayacaq. Çempionatın ilk turu sentyabrın 7-də Almaniyanın Aysleben şəhərində, ikinci turu isə Ukraynanın Xarkov şəhərində keçiriləcək.

Boks turnirlərinin təşkilində Almaniyanın Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Heydər Əliyevin adını daşıyan Komitəyə öz dəstəyini göstərir.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaradılıb və həmin şəhərdə fəaliyyət göstərir. Dünya idmançılarını birləşdirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında dostluq əlaqələrini möhkəmləndirmək, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirmək məqsədilə yaradılan komitə fəaliyyət göstərdiyi müddətdə xalqımızın üçrəngli bayrağını uca tutub, Azərbaycanın dövlət himnini dəfələrlə səsləndirməyə nail olub.

Komitə eyni zaman diaspor fəaliyyətində də bir sıra uğurlara imza atıb. Komitə tərəfindən hər il Heydər Əliyevin doğum gününün Almaniyanın müxtəlif şəhərlərində qeyd olunması artıq ənənə halını alıb.

Komitə 2013-cü ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə bir sıra kampaniyalar həyata keçirməyi planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR