DİN polis orqanlarına xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

DİN polis orqanlarına xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
# 17 yanvar 2014 16:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarına xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çevik Polis Alayında, Bakı şəhər və nəqliyyatda baş polis idarələrinin orqan və hissələrində, ərazi polis orqanlarında post patrul və yol patrul xidmətləri üzrə 439 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 sm.) hündür olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli (YPX inspektoru vəzifələrinə isə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompüterdən istifadə etməyi bacaran) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər vakant vəzifələrə müsabiqə elan olunmuş polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılaraq, onun sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqə test imtahanları və müsahibə olmaqla iki mərhələdə keçiriləcək. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR