Moskvanın Qərbi Biryulevo rayonunun yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb

Moskvanın Qərbi Biryulevo rayonunun yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb
# 15 oktyabr 2013 00:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvanın Qərbi Biryulevo rayonunгт yüzlərlə sakini yenidən iğtişaşların baş verdiyi əraziyə toplaşıb. APA-nın Moskva müxbiri xəbər verir ki, yüzlərlə sakin “Biryuza” ticarət mərkəzinin qarşısına yığışıb. Əraziyə çoxlu sayda xüsusi təyinatlı polis dəstələri – OMON cəlb olunub.

Hüquq-mühafizə orqanları vəziyyətin yenidən gərginləşəcəyindən ehtiyat edirlər.

Polisin dağılmaq əmrinə qulaq asmayan aksiya iştirakçıları irqçi şüarlar səsləndirib. O cümlədən hakimiyyətin əleyhinə şüarlar səslənib. “Hakimiyyət, problemi etiraf et, işə başla!”

Ticarət mərkəzinin qarşısına toplaşan sakinlərlə polis arasında qarşıdurma yaranıb. Onlarla aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Birulyovo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edib. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Moskva polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR