“ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib

“ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib
# 04 dekabr 2013 16:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dillər Universitetində “1dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr edilmiş “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü ilə baş tutan tədbir maarifləndirmə məqsədi daşıyıb. Tədbirdə universitetin tələbələrinə “QİÇS haqqında nə bilirsiniz?” sualı ilə müraciət olunmuş videoçarx nümayiş olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov 1987-ci ildə Azərbaycanda ilk dəfə bu xəstəliyə yoluxma hallarının qeydə alındığını, Azərbaycan vətəndaşları arasında isə 1992-ci ildə bu xəstəliyin aşkar olunduğunu bildirib. Ekspert Azərbaycanın bu sahədə vəziyyəti gərgin olmayan ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da geniş yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirib. S.Musayeva bu infeksiya, ondan qorunma yolları, profilaktikası haqqında insanların, xüsusən də gənclərin geniş məlumata malik olmalarının vacibliyindən söz açıb. Kafedranın baş müəllimi Sədaqət Musayevanın və Pedaqoji fakültənin 327-ci qrup tələbəsi Səltənət Həsənovanın təşkil etdiyi QİÇS-lə mübarizənin simvolu olan qırmızı və qara rəngli geyimlərdə rəqsi (flaşmob) nümayiş etdirən tələbələr “Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə “Yox” deyirik” və digər yazılı plakatlarla rəqslərini yekunlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR