Bu ay Bakıda 281 nəfər dəm qazından zəhərlənib

Bu ay Bakıda 281 nəfər dəm qazından zəhərlənib
# 31 yanvar 2014 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yanvar ayı ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dəm qazından zəhərlənmə ilə bağlı 281 müraciət daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, müraciət edənlərdən 198 nəfəri xəstəxanaya yerləşdirilib. Z.Vahidova qeyd edib ki, vəziyyəti yüngül olanlara yerində ilkin tibbi yardım göstərilib, ağır vəziyyətdə olanlar isə xəstəxanaların reanimasiya şöbələrinə çatdırılıb: “Xəstəxanaya yerləşdirilənlər arasında ölüm hadisələri də qeydə alınıb. Lakin onların dəqiq sayı barədə təcili yardım stansiyasında məlumat yoxdur”.

Həkim vurğulayıb ki, yanvar ayı ərzində küçədə yaşayan insanlarla (bomj) bağlı təcili yardım stansiyasına 20-yə yaxın müraciət daxil olub. Onun sözlərinə görə, həmin insanların xəstəlikləri olmasa da, onlar ümumi soyuqlama diaqnozu ilə şəhərdən kənar olan birləşmiş xəstəxanalara yerləşdirilib: “Həmin xəstələr şəhərin mərkəzi klinikalarına deyil, daha çox şəhərdən kənar yerləşən - Keşlədəki 32 saylı birləşmiş şəhər xəstəxanası, 18 saylı birləşmiş şəhər xəstəxanası və digərlərinə aparılıb. Çünki mərkəzi klinikalara əsas təxirəsalınmaz xəstələr yerləşdirilir. Lakin küçədə yaşayan insanlar azadlığa öyrəndikləri üçün xəstəxanada çox qala bilmir və bir gündən sonra özlərini yaxşı hiss edəndə oradan gedirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR