Bakının iki rayonunda günəş elektrik stansiyalarının tikintisinə başlanılıb

Bakının iki rayonunda günəş elektrik stansiyalarının tikintisinə başlanılıb
# 25 aprel 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni “Suraxanı” günəş elektrik stansiyasının inşasına başlanılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılıb. Hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi başa çatır. Layihənin icraçısı podratçı şirkət olan “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Hazırda 80 nəfərlik işçi qüvvəsinin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Stansiyada istehsal olunacaq enerji “Bakelektrikşəbəkə” ASC-nin şəbəkəsinə qoşulacaq.

Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun enerji təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə aparılır. İkinci aydır ki, “Pirallahı” günəş elektrik stansiyasının tikintisinə başlanıb. Hazırda 2 hektar ərazidə layihənin ilkin mərhələsi tamamlanmaq üzrədir. Mayın 10-dək inşası başa çatan bu mərhələdə 1,2 meqavat enerji istehsalı nəzərdə tutulub. Stansiya ilin sonunadək tam istifadəyə veriləcək, rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına müsbət təsir göstərəcək.

Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılıb. Quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün ərazidə ölçü işləri aparılır. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaq. Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında da yeni stansiyaların tikintisinə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR