Əliş Ləmbəranskiyə həsr olunmuş sənədli filmin çəkilişinə başlanıb

Əliş Ləmbəranskiyə həsr olunmuş sənədli filmin çəkilişinə başlanıb
# 15 may 2014 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyası Əliş Ləmbəranskinin 100 illik yubileyi ilə bağlı "Yüz il və əbədiyyət" adlı sənədli filmin çəkilişinə başlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, filmin ssenari müəllifi əməkdar jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.

30 dəqiqəlik sənədli filmdə Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını dəyişən binalardan bəhs olunacaq. Çəkilişlər Bakı, Bərdə və Moskvada aparılacaq.

Filmdə Azərbaycan Dövlət Filim Fondunun, Rusiya arxivlərinin foto və video materiallarından da istifadə olunacaq.

Qeyd edək ki, Əliş Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib. Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib.

Əliş Ləmbəranski 1999-cu ildə dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR