Türkiyə səfiri: “Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz”

Türkiyə səfiri: “Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz”
# 16 may 2014 15:57 (UTC +04:00)

Bakı - APA. “Bizim xalqlarımız bir-birini çox sevir. Türkiyədə nə olursa olsun, o hadisələrə ən çox diqqət göstərən ölkələrin başında Azərbaycan gəlir. Türkiyə dövlətinin rəhbərləri soruşanda da mən bunu rahatlıqla söyləyə bilirəm”.

APA-nın məlumatına görə, bunu “APA TV-nin “Manşet” verilişinin qonağı olan İsmail Alper Coşkun söyləyib.

İsmail Alper Coşkun deyib ki, Azərbaycan mətbuatı da həmişə Türkiyənin problemlərinə, o cümlədən Türkiyənin Soma şəhərində kömür şaxtasında baş verən faciəyə həssas yanaşıb, diqqət ayırıb: “Mənim Azərbaycan mətbuatından bununla bağlı hər hansı narazılığım yoxdu”.

Türkiyə səfiri bildirib ki, Türkiyədə Azərbaycan əleyhinə hər addım atıla bilməz: “Türkiyədə bəzi məsələlərə Azərbaycanda fərqli reaksiyalar verilir, Türkiyənin siyasətinin dəyişib-dəyişmədi barədə mənə suallar ünvanlanır. Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz. Mən bunu birmənalı bəyan edirəm”.

İsmail Alper Coşkun qeyd edib ki, 1915-ci il olayları ilə bağlı ermənilərin həyata keçirdiyi kampaniya var: “Arxivlərdə araşdırma aparmaq əvəzinə, siyasi qərarlarla Türkiyəyə soyqırımı törətdiyi damğasını vurmaq istəyirlər. Halbuki bizim tarixi mirasımızda belə hal yoxdur. Biz bu istiqamətdə ciddi mübarizə aparırıq, Azərbaycan da bu sahədə bizə ciddi dəstək verir. Beynəlxalq hüquqa əsasən bir olayın soyqırımı kimi tanınması üçün məhkəmə qərarı lazımdır”.

“Xocalı soyqırımı da ürəyimizdədir” deyən səfir bildirib ki, Xocalı soyqırımı ilə bağlı məhkəmə qərarı olmadığı üçün bunu rəsmi olaraq soyqırımı adlandırmaq olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR