İranda həbsxanada toqquşma baş verib, bir neçə nəfər xəsarət alıb

İranda həbsxanada toqquşma baş verib, bir neçə nəfər xəsarət alıb
# 18 aprel 2014 11:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda həbsxanada toqquşma baş verib.

APA-nın HRAZ-a istinadən məlumatına görə, hadisə aprelin 17-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və “Sepah”ın kəşfiyyat orqanının əməkdaşlarının əsasən siyasi məhbusların saxlanıldığı Tehranın Evin həbsxanasının 350-ci bəndində keçirməyi planlaşdırdıqları yoxlama zamanı baş verib.

Məhbusların yoxlamaya mane olmağa çalışmaları tərəflər arasında qarşıdurmaya səbəb olub. Yüzdən çox məmurun məhbuslara hücum edərək onları döydükləri və müxtəlif bədən xəsarətləri yetirdikləri bildirilir. Eyni zamanda məmurların 32 siyasi məhbusu əlləri qandallı və yaralı vəziyyətdə sürüyərək həbsxananın 240-cı bölümünün təkadamlıq kameralarına saldıqları qeyd olunur. Ad və soyadları bəlli olan məhbuslardan bir çoxunun vəziyyətinin ağır olduğu vurğulanır. Onların arasında üç azərbaycanlı siyasi məhbusun da adı çəkilir. Doktor Əsədullah Əsədinin ağır yaralandığı, musiqiçi İsmayıl Bərzigərinin qabırğalarının qırıldığı, jurnalist Səid Mətinpurun isə rezin dəyənəklə döyüldüyü bildirilir.

Qeyd edək ki, S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. S. Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ.Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib. Ə.Əsədi 2012-ci il martın 11-də 20 ədəd həb atdıqdan sonra bir damarını kəssə də, məhbusların köməyi ilə ölümdən xilas edilib. O, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2010-cu il iyulun 12-də həbsə alınıb və Təbriz İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən düşmən ölkələrlə əlaqədə günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. Ə.Əsədi həbsdə saxlanıldığı müddətdə ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR