Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Aprelin 1-dən etibarən Azərbaycana avtomobillərin idxalı prosesi «Euro-4» ekoloji standartının tələblərinə uyğun tənzimlənəcək. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, gömrük sahəsində həyata keçirilən sonuncu yenilik idxal olunan neft məhsulları ilə bağlı olub: «Burada aksizlər 250 ABŞ dollarından 1 dollara endirilib, gömrük rüsumları aradan qaldırılıb».
A.Əliyev deyib ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də açıqlama verib: «Hesab edirəm ki, qüvvədə olan gömrük tarifləri Azərbaycanın bugünkü iqtisadi vəziyyətinə, ölkənin iqtisadi inkişafına xidmət edə biləcək səviyyədədir».
DGK sədri əlavə edib ki, «Euro-4» ekoloji standartına keçid gömrük vergi və rüsumlarının toplanmasına ciddi təsir etməyəcək: «Avtonəqliyyat vasitələrinə idxal zamanı tətbiq olunan vergilərdən ikisi mütləq rəqəmlərdir. Söhbət əlavə dəyər vergisindən gedir. Amma biz bir o qədər böyük dəyişikliklər gözləmirik».
Komitə rəhbəri düşünür ki, DGK bundan sonra da büdcə proqnozlarının yerinə yetirilməsində problemlərlə üzləşməyəcək.