Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan kadrlar şöbəsinin sabiq müdiri Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili zərərin ödənilməsi ilə bağlı məhkəmədən vaxt istəyib:
"Zərərin ödənilməsi ilə bağlı addımlar atılıb. Zərərçəkmiş tərəflə barışıq əldə edilməsi üçün vaxt istəyirik".
Hakimlər müşavirədən sonra növbəti məhkəmə prosesinin iyunun 3-nə təyin edildiyini açıqlayıblar.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbsini istəyib.
Qeyd edək ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.
A. Kərimova teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.
Məhkəmə dövründə təqsirləndirilən şəxsin üzərindən 308.2-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülüb.