Abbas Lisani yenidən aclıq aksiyasına başlayıb

Abbas Lisani yenidən aclıq aksiyasına başlayıb
# 05 mart 2014 07:44 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal yenidən aclıq aksiyasına başlayıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Abbas Lisani bu dəfə Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq martın 3-dən etibarən belə bir addımı atıb.

O, bundan əvvəl də digər 6 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə etiraz olaraq aclıq elan edib, ancaq Əhər şəhərinin həbsxanasına salındıqdan sonra aksiyanı dayandırıb. Buna səbəb Əhər şəhərinin prokurorunun bütün tutulanların azadlığa buraxılacağına dair verdiyi vədi olub.

Qeyd edək ki, A.Lisani də daxil olmaqla 80-ə yaxın azərbaycanlı fəal İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində həyata keçirilmiş kütləvi həbs zamanı tutulub. Əhər Şəhər Prokurorluğu da öz rəsmi veb səhifəsində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 59 nəfərin həbs olunması xəbərini təsdiqləyib. Artıq tutulanların, demək olar, hamısı zəmanətlə sərbəst buraxılıb. Yalnız İbrahim Rəşidini (Savalan) 1 illik həbs cəzasının qalan hissəsini çəkməsi üçün martın 2-də Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürüblər. A.Lisani də hələlik Əhər şəhərinin həbsxanasında saxlanılır. Bəzi azərbaycanlı fəalların ETTELAAT-ın təcridxanalarında ağır işgəncələrə məruz qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR