Türkiyə və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Marmaray” tunel-keçidinin açılışı olub

Türkiyə və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Marmaray”  tunel-keçidinin açılışı olub
# 29 oktyabr 2013 16:29 (UTC +04:00)

Bakı – APA-Economics. İstanbul boğazının altından keçməklə Asiya və Avropa arasında dəmir yolu əlaqəsini təmin edəcək “Marmaray” tunel-keçidinin açılış mərasimi olub.

APA-Economics”in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, tədbirə Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin dövlət və hökumət nümayəndələri, millət vəkilləri, o cümlədən Yaponiya baş naziri Şinzo Abe, Somali prezidenti Hasan Şeyx Mahmud, Yaponiya baş naziri Şinzo Abe, Rumıniya baş naziri Viktor Ponta qatılıblar.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri George Kvirikaşvili, Bolqarıstan nəqliyyat, informasiya və əlaqələr naziri Danail Papazov, Moldova nəqliyyat və yol infrastrukturu naziri Vasili Botnar, Kosova nəqliyyat və infrastruktur naziri Edmond Haxinasto, İspaniya kənd təsərrüfatı naziri Anna Maria Pastor Jluani, Rumıniya nəqliyyat naziri Roman Manesku və bu ölkənin xarici işlər naziri George Giambia, Yaponiya nəqliyyat və turizm nazirinin müavini Tsuyşi Takagi, Qazaxıstan baş nazirinin müavini Azat Bekturov, Almaniya Nəqliyyat, Kənd Təsərrüfatı və Şəhərləşmə Nazirliyinin müşaviri Jan Muecke, Pakistan Limanlar və Dənizçilik Nazirliyinin müşaviri Rukhsan Rəhman da mərasimdə iştirak ediblər.

Yaponiya baş naziri çıxışında Tokiodan İstanbula qədər sürətli dəmir yolu xəttinin yaradılmasını təklif edib.

Nəinki Tokio-İstanbul, hətta Tokio-İstanbul-London sürətli dəmir yolu xəttinin qurulmasının mümkün olduğunu söyləyən Rəcəb Tayyib Ərdoğan isə çıxışında “Marmaray”ın əsrin deyil, əsrlərin layihəsi olduğunu və tunel-keçidin Türkiyə Cümhuriyyətinin elan olunmasının 90-cı ildönümündə açılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb. O bu keçidin region və dünya iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti olduğunu söyləyib.

Türkiyə prezidenti Abdulla Gül isə 153 il əvvəl arzulanan bir layihənin həyata keçdiyini vurğulayıb.

Qeyd edək ki, gün ərzində 1 milyon insan 62 metr dərinlikdəki tuneldən çəkilən dəmir yolu vasitəsi ilə iki qitə arasında məsafəni 4 dəqiqəyə qət edəcək.

Bu dəmir yolu xətti Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin Avropaya daşınmasında da mühüm əhəmiyyət kəsb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR