Həsən Ruhani: “İsrail İrana hərbi müdaxilə etsə, çox peşman olacağı bir cavab alacaq”

Həsən Ruhani: “İsrail İrana hərbi müdaxilə etsə, çox peşman olacağı bir cavab alacaq”
# 27 yanvar 2014 09:34 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə edilməsi üçün qarşı tərəfdə lazımi siyasi iradə və güc mövcud olmalıdır: “Mən bu mövzuda bunu söyləyə bilərəm. Əgər qarşı tərəf lazımi siyasi qabiliyyət və iradəyə sahibdirsə, İran da nüvə məsələsinin həlli üçün yekun addımı atmağa hazır vəziyyətdədir. Son addım ilki kimi asan olmayacaq və daha çətin atıla biləcəyi düşüncəsindəyəm. Eyni zamanda şərtlər bizim son addımı atmağımız üçün uyğundur. Çünki İran yalnız dinc məqsədli nüvə texnologiyasına sahib olmaq istəyir və bu istiqamətdəki qanuni haqqında çox israrlıdır. Ona görə də nüvə məsələsində ayrı-seçkiliyi və məhdudiyyəti qəbul etmirik. Mən bir daha bəyan edirəm ki, İran heç vaxt nüvə silahı başda olmaqla kütləvi qırğın silahına yiyələnmək niyyətində olmadı, olmayıb və olmayacaq da”.

H.Ruhani Qərb və ABŞ-ın İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini tamamilə dayandıraraq istədiyi miqdarı kənardan təmin etməsi zəruriliyi düşüncəsində olmaları sualını belə cavablandırıb: “İran belə bir ayrı-seçkililiyi əsla qəbul etməyəcək. Dinc məqsədli nüvə fəaliyyətləri bütün ölkələrin haqqıdır. İran isə bu mövzuda qanuni haqqı çərçivəsində hərəkət edir. İran əsla uranın zənginləşdirilməsi fəaliyyətlərini və nüvə proqramını dayandırmayacaq. İranın nüvə fəaliyyətləri tamamilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır. İranın gizlədəcəyi heç bir şeyi yoxdur. İranda yalnız iki mərkəzdə uran zənginləşdirilir və tamamilə dinc məqsədlidir. Ona görə də İrana qarşı tətbiq edilmiş sanksiyalar qanunsuzdur. Ərak ağır su nüvə reaktoruna radioaktiv dərmanların istehsalı üçün ehtiyacımız var”.

Prezident deyib ki, İranla Qərb ölkələri arasındakı müzakirələrin məqsədlərindən biri qarşılıqlı etimad mühiti yaratmaqdır: “Ancaq hələlik tərəflər arasında tam bir etimad mühiti mövcud olduğunu söyləmək olmaz. ABŞ-ın son 30 ildə İranla bağlı yürütdüyü siyasət səbəbindən xalqımız bu ölkəyə tam etimad göstərmir. İndiki şərtlərdə İranla ABŞ arasında əlaqələrin qurulub-qurulmaması qarşı tərəfin əlindədir. İrana qarşı düşmənçiliklərindən onların imtina etməsi lazımdır. Əlbəttə, sonsuzadək düşmən qalacağıq deyə bir şey yoxdur. Heç olmasa İran xalqı bunun tərəfdarı deyil. ABŞ xalqının da istədiyini ehtimal etmirəm”.

H.Ruhani İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyi istiqamətindəki təhdidlərinə də münasibət bildirib: “Biz təhdiddən qorxmuruq. Onsuz da təhdid dili İrana qarşı işə yaramaz. İsrail rejimi İranın qabiliyyətini çox yaxşı bilir və bizim də onların mövcud potensialı barədə məlumatımız var. Ona görə də İsrail belə bir addım atmayacaq. Çünki belə olacağı təqdirdə nə kimi cavabla üzləşəcəyini yaxşı bilir. İsrail yalnız şüar verir və bu şüarı reallaşdıra biləcək gücdə deyil. Hər halda belə bir axmaqlığa yol verərsə, çox peşman olacağı bir cavabı alacaq”.

İran prezidenti həmçinin Suriyada terrorçuların sanki bir virus kimi ortalıqda gəzdiyini və hər kəsə zərər verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR