ARDNŞ və BP arasında 3 sənəd imzalanıb - FOTOSESSİYA - VİDEO

ARDNŞ və BP arasında 3 sənəd imzalanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda miqrasiya və milliləşdirmə sahəsində əməkdaşlıq sazişinin imzalanması mərasimi baş tutub.


APA-Economics”in məlumatına görə, “BP-Azərbaycan” şirkətinin insan resursları idarəsinin rəhbəri, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Leyla Novruzova çıxış edərək bildirib ki, “BP-Azərbaycan” şirkəti milliləşdirmə proqramını genişləndirmək niyyətindədir: “Bu proqram 18-24 aylıq proqram olacaq. Onlara maliyyəçi, qazmaçı təhsili əvvəldən öyrədiləcək və sonradan “BP-Azərbaycan” şirkətində işə götürüləcək”.


L.Novruzova qeyd edib ki, artıq 53 nəfərdən ibarət ilk proqram həyata keçirilib: “Bundan başqa, artıq Xəzər Universitetində kimyəvi mühəndislik kafedrası açılıb. Burada 2 müasir standartlara uyğun laboratoriya yaradılıb. Artıq burada da 240 nəfər azərbaycanlı mütəxəssis təcrübə keçib. Gələn ilin sonuna qədər “BP-Azərbaycan” şirkəti milliləşdirmə siyasətini başa çatdıracaq”.


ARDNŞ Sərmayələr departamentinin rəis müavini Teymur Mahmudov bildirib ki, şirkətin milliləşdirmə strategiyası “BP-Azərbaycan” şirkəti və onun sub-podratçı şirkətləri ilə birgə davam etdiriləcək: “Biz həmçinin əcnəbi işçi qüvvəsinin miqrasiya problemlərinə dəstək durmaq niyyətindəyik. Belə ki, ARDNŞ Dövlət Miqrasiya Xidməti ilə birgə proqram hazırlayaraq əcnəbi işçilərin Azərbaycanda işləmək icazəsinin alınmasına və onun ölkəmizdə məskunlaşmasına kömək edəcək. Bunun üçün icazəni də ARDNŞ verəcək, bu qurumun rəyi və tələbi ilə xarici işçi Azərbaycana gələ biləcək”.


T.Mahmudovun sözlərinə görə, hasilatın pay bölgüsü sazişlərində hər bir şirkətə milliləşdirmə ilə bağlı tələb qoyulub: “Milliləşdirmə siyasətində müəyyən addımlar atmalıyıq. Kadrların ehtiyat bazası yaradılmağa başlayıb. Gələcəkdə kadr ehtiyatı bazası genişlənəcək və hər bir şirkətin bu kadrlar bazasına girişi asanlaşacaq. Bizim bununla bağlı şirkətlərlə fərdi qaydada işləmək fikrimiz var. Bu zaman tələblər də nəzərə alınacaq”.


ARDNŞ rəsmisi deyib ki, kadr ehtiyatı bazası ayrıca ümumi bir serverdə ayrıca bir qovluqda yerləşəcək və istənilən şirkət istədiyi namizədi tapıb seçə biləcək: “Eyni milliləşdirmə strategiyasında ARDNŞ-ın Təlim Tədris Sertifikatlaşdırma İdarəsini bitirmiş mütəxəssislər də cəlb olunacaq. Düşünürük ki, ARDNŞ-ın bu təcrübədə əməyi olacaq. Bu, işin daha da sadələşdirilməsinə və xarici işçilərə nəzarəti gücləndirəcək”.


Dövlət Miqrasiya Xidmətinin sədr müavini İsmayıl Allahverdiyev isə bildirib ki, belə layihələrdə əsas məqsəd azərbaycanlı işçilərin çəkisinin artırılmasıdır: “Belə bir razılığın əldə olunmasında müəyyən çətinliklər yaranmışdı. Çünki layihənin müəyyən müddəaları qanunvericiliyə zidd idi. Amma biz ARDNŞ ilə birgə bu problemləri aradan qaldırdıq”.


Sonda ARDNŞ və “BP-Azərbaycan” arasında 3 sənəd imzalanıb. Bunlar ARDNŞ və BP arasında miqrasiya və milliləşdirmə sahəsində əməkdaşlıq sazişi, Qobustan Təlim Mərkəzində azərbaycanlı tələbələrin təlim keçməsi üçün birgə anlaşma və “BP-Azərbaycan”la Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlıq haqqında müqavilədir. Sənədləri ARDNŞ prezidenti Rövnəq Abdullayev və “BP-Azərbaycan”ın prezidenti Qordon Birrel imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR