Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi növbəti illik hesabatını açıqlayıb - FOTO

Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi növbəti illik hesabatını açıqlayıb - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 16:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, hesabatda komitə Avropa Şurasına üzv olan 47 ölkəni azadlıqdan məhrum edilmiş şəxslərə qarşı pis rəftarlara dair tibbi sübutu vaxtında və dəqiqliyi ilə qeyd etməyə və bununla da istintaq işlərinin asanlaşdırmasına çağırır. Komitə hesabatında belə bir qənaətə gəlir ki, bir çox üzv ölkələrdə pis rəftarlara dair tibbi sübutlar məqbul sayıla biləcək şəkildə toplanılmır və göstərilmir. Qüvvədə olan prosedurlar azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən təqdim olunan xəsarətlər haqda səlahiyyətli orqanlara məlumatların verilməsinə heç də həmişə zəmanət vermir. İşgəncələrə Qarşı Komitə hesab edir ki, həbs olunmuş şəxslər təcridxanalara gətirilən andan onlara professional həkim tərəfindən 24 saat ərzində lazımi xidmət göstərilməli və onlar fiziki yoxlanışdan keçməlidirlər. Eyni prosedurların istintaq prosesi zamanı polis tərəfindən saxlanılmış şəxslərə də şamil olunduğu vurğulanır.

Hesabat haqda fikirlərini bölüşən İşgəncələrə Qarşı Komitənin sədri Lətif Hüseynov APA-ya açıqlamasında builki hesabatın əhatə etdiyi 1 avqust 2012 - 31 iyul 2013-cü ilədək olan vaxt ərzində komitənin 21 səfər həyata keçirdiyini bildirib: “12 ay ərzində üzv ölkələrə 21 səfər etmişik. Bunlardan 11-i illik proqram çərçivəsində olan mütəmadi səfərlər, 10-nu isə müəyyən məsələlərlə bağlı plandan kənar səfərlər olub”.

Ümumilikdə Avropada işgəncə və pis rəftara dair vəziyyəti qiymətləndirən Lətif Hüseynov, hər bir üzv ölkədə bu və ya digər formada, müxtəlif sahələrdə kifayət qədər problemlərin olduğunu da söyləyib: “Avropa ölkələrində problemlər çoxdur. Avropa ölkələrindəki vəziyyəti ümumiləşdirsək, bir neçə problemi qeyd etmək istərdim. Birincisi, bəzi ölkələrdə polis əməkdaşları, hüquq-mühafizə orqanları tərəfindən tutulan şəxslərə qarşı pis rəftara yol verilməsidir. Əsasən də cinayət işlərinin araşdırılmasında məlumatın əldə edilməsi məqsədilə həmin şəxslərə qarşı işgəncələrin və digər yolverilməz rəftara yol verilir. Daha sonra, bu cür şikayətlərin səlahiyyətli dövlət, istintaq orqanlar tərəfindən, prokurorluq orqanları tərəfindən səmərəli şəkildə araşdırılmamasıdır. Mən bu məsələni bir nömrəli problem kimi qeyd edərdim. İkinci əsas məsələ isə Avropa ölkələrinə gəlmiş və burada həbsdə saxlanılan xaricilərin, mühacirlərin vəziyyətidir. Bir sıra Avropa ölkələrində bu, dözülməz bir həddə gəlib çatıb. Hətta iki il bundan əvvəl biz bu məsələyə görə Yunanıstana qarşı sanksiya da tətbiq etdik və açıq bəyanat verməli olduq. Çünki bu ölkədə həbsdə saxlanılan mühacirlərin vəziyyəti elə bir hala gəlib çatmışdı ki, bizim başqa əlacımız qalmamışdı. İkincisi də, Yunanıstan bu vəziyyəti düzəltmək üçün heç bir əməli tədbir görməmişdi. Üçüncü əsas problem və bizim komitənin mandatına, fəaliyyət sahəsinə uyğun gələn problem, həbsxanalarda, azadlıqdan məhrum edilmə yerlərində həddindən çox insanların saxlanılmasıdır. Yəni həbsxanaların limiti, oradakı yerlər həbsxanalara göndərilən, orada olan şəxslərin sayından xeyli dərəcədə azdır. Və belə bir vəziyyət çox problemlər yaradır. Bundan başqa, həbsxanalarda tibbi xidmətin keyfiyyəti, tutulan şəxslərin tibbi xidmətə çıxışları ilə bağlı bir çox problemlər mövcuddur. Misal üçün, İtaliya, Serbiya, Bolqarıstan və bir sıra ölkələrdə belə problemlər xüsusi narahatlıq doğurur. Bildiyiniz kimi, bizim komitə böyük sayda məsələlərlə məşğul olur və bir çox sahələri əhatə edir. Bizim mandata uyğun sahələr yalnız həbsxanalar deyil, biz polis bölmələri, hərbi kazarmalar, uşaq koloniyaları, psixiatrik xəstəxanalar, xaricilərin qaldıqları müəssisələrdə işlər aparırıq. Yəni müəssisələr də çoxdur, bizim məşğul olduğumuz problemlər də çoxdur. Əgər bu problemləri bütövlükdə götürsək, ideal olan ölkə, ideal olan yer yoxdur, hər yerdə bu və ya digər dərəcədə problemlər var. Sadəcə, onların dərəcəsi, xarakterləri müxtəlifdir. Ümumi şəkildə mənzərəni təsvir etmək əlbəttə ki, çətindir. Amma biz öz hesabatlarımızda hansısa ölkədə yaxşı, müsbət hallar varsa, onları da qeyd edirik və digər ölkələr də onları özləri üçün örnək kimi, müsbət nümunə kimi tətbiq edə bilərlər. Onlara tövsiyə olunur ki, bu müsbət nümunələrdən istifadə etməklə, öz qanunvericiliklərini, təcrübələrini dəyişsinlər".

Komitənin bu il ərzində Azərbaycana etdiyi səfərə də toxunan komitə sədri, son iki ildə Azərbaycana iki səfərin təşkil olunduğunu deyib: “Ümumiyyətlə, qeyd etmək istəyərdim ki, komitə ilə Azərbaycan arasında əməkdaşlıq davam edir. Bizim komitənin əməkdaşları Bakıda olarkən konvensiyanın tələblərinə uyğun olaraq, onlara bütün imkanlar yaradılır ki, onlar lazım olan müəssisələri yoxlasınlar, orda olan şəxslərlə təkbətək söhbətlər aparsınlar. Lazım olan bütün sənədlər və materiallar nümayəndə heyətinin üzvlərinə təqdim olunur. Bu da müsbət haldır. Amma təəssüf ki, həmin hesabatlar dərc olunmadığına görə, bizim konvensiyanın tələblərini əsas götürərək, mənim həmin hesabatlarda göstərilən məlumatlar barəsində açıqlama vermək hüququm yoxdur. Bir qayda olaraq, müəyyən müddət keçdikdən sonra dövlətlər hesabatların dərc olunmasına razılıq verirlər. Və biz ümid edirik ki, bu məruzələr dərc olunacaq və o zaman bütün məlumatlar ictimaiyyət üçün açıq olacaq”.

Xatırladaq ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.

Qeyd edək ki, Komitə Azərbaycana üzrə indiyədək 7 hesabat hazırlayıb və yalnız 2002-ci və 2008-ci illərdə ölkəyə edilən səfərlər əsasında hazırlanmış hesabatlar ictimaiyyətə açıqlanıb.

Hazırda komitəyə Azərbaycan Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov sədrlik edir. Lətif Hüseynov AŞ-nın İşgəncələrə qarşı Komitənin sədri vəzifəsinə 2011-ci ilin mart ayında seçilmişdi və onun mandatı 2015-ci ilin mart ayına bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR