SAM-ın təşkilatçılığı ilə “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

SAM-ın təşkilatçılığı ilə “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan XİN-in nümayəndələri, diplomatlar, ərəb ölkələrindən olan alimlər, ərəbşünaslar iştirak edir.

Konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “ərəb baharı” və onun nəticələrdən danışaraq bildirib ki, bu hadisələr son 2-3 il ərzində bir çox alimləri, filosofları narahat edir: “”Ərəb baharı” 1974-cü ildən başlamış üçüncü demokratik dalğanın bir davamı olaraq tamamilə yeni bir məkanda başlayıb və yeni nəticələrlə yekunlaşmalı idi. “Ərəb baharı” başladığı zaman ərəb küçəsində gözləntilər çox yüksək idi. Bir çox insan bunun böyük geosiyasi oyunun tərkib hissəsi olduğunu düşünürdü. Bir qisim insanlar bunu yeni demokratikləşmənin başlanğıcı kimi, digər qismi tənəzzülün başlanğıcı kimi, bir qismi isə dünya xəritəsinin yenidən cızılması kimi qiymətləndirirdilər. Amma bir neçə il ötdükdən sonra “ərəb baharı”nın nə olduğu haqda suallar hamını narahat etməyə başladı”.

E. Aslanovun fikrincə, “ərəb baharı”nın demokratikləşmə olduğunu deyənlər bir şeyi unutmamalıdırlar ki, demokratikləşmə həmin cəmiyyətin iqtisadi, siyasi, tarixi inkişafı ilə bərabər baş verməlidir: “Təəssüf ki, bəzi ölkələrdə radikal qrupların fəallaşması və siyasətə gəlməsi gözlənilməz nəticələrlə yekunlaşa bilər. Bunun İslamın nüfuzuna müəyyən mənada mənfi təsiri var və İslamın və islamofobiyanın müxtəlif cəmiyyətlərdə, ölkələrdə geniş yayılması bizi təəssüfləndirir. Bununla bağlı Azərbaycan dəfələrlə öz mövqeyini bildirib ki, ölkəmiz islamofobiyanın istənilən formasına qarşı mübarizənin hər zaman önündədir. Çox təəssüf ki, İslam dedikdə bəzi qüvvələr və tərəflər terror barədə düşünür. Bunlar bir arada müzakirə olunacaq məsələlər deyil, çünki terrorun nə dini, nə də milliyyəti var. Amma Azərbaycan ən böyük terrorla üz-üzə gələn dövlətlərdəndir. Ölkəmizin torpaqlarının 20 faizi işğal altındadır, Azərbaycanın 1 milyon insanı qaçqın şəraitində yaşayır və bu baxımdan İslamla terroru eyniləşdirmək istəyən müxtəlif dövlətlər, qurumlar anlamalıdırlar ki, terror dedikdə daha çox separatçı qüvvələrdən, əsl terror mövqeyindən çıxın edən dövlətlərdən danışılmalıdır”.

Daha sonra çıxış edən Ərəb Dövlətləri Liqasının Türkiyədəki missiyasının rəhbəri Məhəmməd əl-Fəttah Nəsiri də “ərəb baharı” barədə öz fikirlərini bildirərək deyib ki, bu hadisələr bəşər miqyaslı olaylardır. Onun sözlərinə görə, bir neçə ölkədə inkişafa, islahatlara yönələn çıxışlar sonradan silahlı toqquşmalara çevrilib.

SAM-ın direktoru Fərhad Məmmədov isə konfransın vacibliyinə toxunaraq rəhbərlik etdiyi qurumun il ərzində ənənəvi olaraq bu cür araşdırmalar keçirdiyini söyləyib.

Tədbir sessiyalarda müzakirələrlə davam edəcək və noyabrın 8-də tamamlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR