Zərdabda regionların sosial-iqtisadi inkişafı müzakirə olunub

Zərdabda regionların sosial-iqtisadi inkişafı müzakirə olunub
# 29 aprel 2014 13:02 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Bu gün Zərdab rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

APA–nın yerli bürosunun məlumatına görə, tədbirdə nazirliyin, Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov ölkə iqtisadiyyatında inkişaf dinamikasının 2014-cü ilin I rübü ərzində də artan xətlə davam etməsi, bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını vurğulanıb.

2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuş və bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən işlər davam etdirilir. Nazir müavini regionlarda sənaye məhəllələrinin yaradılması və fəaliyyətinə dair təkliflərin hazırlanması istiqamətində artıq Şirvan şəhərində və Siyəzən rayonunda sənaye məhəllələrinin yaradılması imkanları və bununla əlaqədar müvafiq infrsatrukturun dövlət vəsaiti hesabına təmin edilməsi, sənaye məhəlləsinin rezidentlərinin güzəştli kreditlərlə təmin edilməsi və onların potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə nazirliyin şöbə müdiri vəzifəsinin icraçısı Elşən Əsədov qeyd etdi ki, son 10 ildə təkcə Aran iqtisadi rayonu üzrə 6,3 min, Yuxarı Qarabağ üzrə minə yaxın yeni müəssisə, eləcə də müvafiq olaraq 260 minə yaxın və 34 mindən çox yeni iş yeri yaradılıb. Yeni Dövlət Proqramının əsas vəzifələrinin regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR