Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalının açılışı olub - FOTO

Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalının açılışı olub - <span style="color: red;">FOTO
# 09 noyabr 2013 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyi və UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının təşkilatçılığı ilə II Beynəlxalq Kukla Teatrları Festivalının açılışı olub.

APA-nın məlumatına görə, açılış mərasimindən əvvəl baş tutan mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, UNİMA-nın prezidenti Dadi Padamçi, baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutu Milli Mərkəzinin prezidenti İbrahim Assiri, Obraztov adına Kukla Teatrının nümayəndəsi Nino Monova jurnalistlərin suallarını cavablandırıblar.

Ə.Vəliyev bildirib ki, son illər Azərbaycanda teatr sahəsində bir neçə qanun, qərar və sərəncamlardan irəli gələn məsələlər öz həllini tapıb, teatrların maddi-texniki bazası möhkəmləndirilib, repertuarlar yenilənib: “Azərbaycan teatrları beynəlxalq teatr təşkilatlar ilə işbirliyini, əməkdaşlığı gücləndirir və bir neçə böyük festivala ev sahibliyi edib. Ümid edirik ki, II Beynəlxalq Kukla Teatrları Festivalı da öz işini uğurla davam etdirəcək”.

UNİMA-nın baş katibi Jak Trüdo sözügedən festival festivalın Azərbaycanda keçirilməyindən məmnundur qeyd edib.

Mətbuat konfransında APA-nın sualını cavablandıran Beynəlxalq Teatr İnstitutu Milli Mərkəzinin prezidenti İbrahim Assiri bildirib ki, Azərbaycan dünya mədəniyyətinin beşiyi sayıla biləcək ölkədir və təmsil etdiyi mərkəz Azərbaycanla mədəni əlaqələrə böyük əhəmiyyət verir: “Mən ötən dəfə Bakıda olarkən təkcə Kukla Teatrının yox, sizin digər teatrların fəaliyyəti, repertuarı ilə də tanış oldum. Ümid edirəm ki, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının və digərlərinin səhnəyə qoyduğu tamaşalara bu dəfə də baxmaq imkanım olacaq”.

Mətbuat konfransından sonra II Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi keçirilib. İlk olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi “Pinokkionun sərgüzəştləri” tamaşasını nümayiş etdirib.

Qeyd edək ki, festivalda 11 ölkədən kukla teatrları iştirak edir. Tamaşalar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində oynanılacaq. Festival noyabrın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR