Bakıda Azərbaycan-İraq hökumətlərarası komissiyasının ilk iclası keçirilib - YENİLƏNİB 2 - FOTO

Bakıda Azərbaycan-İraq hökumətlərarası komissiyasının ilk iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB 2  - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan və İraq hökumətləri arasında ticarət, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclası keçirilib.


«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, komissiyanın həmsədri Əli Abbasov bildirib ki, Azərbaycanla İraq arasında çox yaxşı münasibətlər formalaşıb.


Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda İraqdan dəstək görüb: «İraq və Azərbaycan arasında əməkdaşlığın böyük perspektivləri var. Bu gün aparacağımız müzakirələr də gələcək inkişafda mühüm rol oynayacaq».


Rabitə və texnologiyalar naziri Azərbaycan iqtisadiyyatı barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, Azərbaycan iqtisadiyyatı əsas enerji resursları hesabına inkişaf edib: «Azərbaycanda artıq ikinci inkişaf dövrünə start verilib. Neftdən asılılığı azaltmaqla, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdiririk».


Nazir qeyd edib ki, bu məqsədlə 2020-ci il üçün geniş strategiya hazırlanıb və bu müddətə kimi qeyri-neft sektoru hesabına ÜDM-nin iki dəfə artırılması qarşıya məqsəd qoyulub: «Biz innovativ sahibkarlıq, ümumi sahibkarlıq və digər sahələrin inkişafını sürətlə aparırıq ki, məqsədimizə çataq».


Komissiyanın İraq tərəfdən həmsədri, rabitə və əyalət işləri naziri Torhan Müder Həsən əl Müfti isə bildirib ki, İraq bu gün keçirilən iclası böyük bir fürsət kimi qiymətləndirir: «Azərbaycan və İraq arasında əlaqələr 40 ildən çoxdur ki, davamlı formada inkişaf edir. İraq Azərbaycanda səfirliyə malik olan ən qabaqcıl ölkələrdən biri sayılır. İki ölkə arasında gözəl əlaqələr mövcuddur. Əldə olunan razılaşmalar bir çox iqtisadi, elmi və digər sahələri əhatə edir. Bu, iki ölkə arasında bünövrə daşı sayıla bilər».

Tədbirdə həmçinin bildirilib ki, bu ilin birinci yarasında İraqdan Azərbaycana 500 nəfərə yaxın turist gəlib. Bu barədə məlumat verən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib ki, 2013-cü il üzrə turistlərin sayının 1 min nəfərdən çox olacağı gözlənilir: «Təkcə ötən il bu rəqəm 925 nəfər olub. İki ölkə arasında turistlərin sayı ilbəil artır. Ölkələrimiz arasında turizm və tarixi əsərlərlə bağlı Anlaşma Memorandumunun imzalanması gözlənilir».


Nazirlik rəsmisi həmçinin qeyd edib ki, iki ölkə arasında həmçinin incəsənət sahəsində İraqın aidiyyəti orqanları üçün təlimlərin keçirilməsi, turizm və mədəniyyət sahəsində təcrübə mübadiləsi məqsədilə səfər imkanları araşdırılır: «Bu, hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin daha da inkişafına gətirib çıxaracaq».

Hökumətlərarası komissiyanın iclasının sonunda yekun protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri Əli Abbasov və Torhan Müder Həsən əl Müfti imzalayıblar.


Nazirlər bildiriblər ki, iclas zamanı tərəflər birgə maraq doğuran məsələləri müzakirə ediblər, həmçinin bir sıra sahələr üzrə aparılan danışıqların yekunlaşdırılmasına dair razılıq əldə olunub.


Tərəflər təhsil və elmi tədqiqatlar, İKT, maliyyə, vergi, gömrük, kənd təsərrüfatı, mədəniyyət, turizm, ətraf mühit, gənclər və idman sahələrində birgə əməkdaşlıq barədə razılığa gəliblər.


Qeyd edək ki, Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il İraqda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR