STMD-nın Qərb və Şimal bölgələri üzrə məsul şəxsləri təşkilat rəhbərliyinin bəyanatına etiraz edirlər

STMD-nın Qərb və Şimal bölgələri üzrə məsul şəxsləri təşkilat rəhbərliyinin bəyanatına etiraz edirlər
# 12 oktyabr 2013 09:35 (UTC +04:00)

Qeyd edək ki, hər iki bölgə üzrə məsul şəxslər - Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin (VCİD İB) sədri Ramin Göyüşov və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin (SMDTM) şimal bölgəsi üzrə koordinatoru Aftandil Məmmədov mətbuata verdikləri açıqlamada adıçəkilən regionlardakı seçki dairələrindəki müşahidələrinin nəticələrini açıqlayıblar.

Monitorinqin nəticələrinə əsasən, qərb bölgəsi üzrə İlham Əliyev 80,6 %, Cəmil Həsənli 10,2 %, Qüdrət Həsənquliyev 2,7 %, İqbal Ağazadə 1,8 %, Sərdar Cəlaloğlu 1,6 %, Zahid Oruc 1,5 %, İlyas İsmayılov 0,9 %, Fərəc Quliyev 0,4%, Hafiz Hacıyev 0,2%, Araz Əlizadə 0,1% səs toplayıblar.

Şimal bölgəsi üzrə müşahidə qrupunun yekun açıqlamasında isə bildirilib ki, səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb. Həmçinin, seçkinin nəticələrinə görə İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. Qalan yerlər isə digər namizədlər arasında bölüşdürülüb.

Adıçəkilən bölgələr üzrə müşahidə missiyalarının açıqladığı rəqəmlər isə SMDT-nın rəhbərliyi tərəfindən etirazla qarşılanıb. Mərkəzin bununla bağlı verdiyi bəyanatda xüsusən, şimal bölgəsində aparılan müşahidələrin nəticələri qəbulolunmaz sayılıb və bildirilib ki, bütün bu rəqəmlər SMDT-nin mövqeyini əks etdirmir: “Seçkilərin monitorinq mərkəzinin Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Aftandil Məmmədov mətbuata açıqlama verərək bildirib ki, heç bir pozuntu olmayıb. Məlum olub ki, Aftandil Məmmədov heç məntəqələrə göndərdiyi müşahidəçilərdən də heç nə soruşmayıb. Onlardan protokolları yığmayıb. İcra hakimiyyətinin verdiyi sənədi SMDT adı ilə yayıb”.

Həmçinin, SMDT səsvermə günü APA İnformasiya Agentliyinin qeyd olunan bölgələr üzrə aparılan müşahidələr haqqında yaydığı materiallarla bağlı da agentliyin ünvanına ittihamlar səsləndirib: “9 oktyabr 2013-cü il seçkisinin müşahidəsi ilə bağlı Quba bölgəsindən olan müşahidəçi Aftandil Məmmədovun hökumətyönlü “APA” agentliyinə verdiyi açıqlamalar SMDT-nin mövqeyini əks etdirmir. Adı çəkilən şəxs son iki ildə SMDT ilə əməkdaşlıq etsə də, son günlər müxtəlif siyasi təzyiqlərə məruz qaldığını bildirərək, müşahidəçi olmaqdan imtina edib. SMDT təəssüflə qeyd edir ki, bu cür açıqlama alınarkən, təşkilatın mövqeyi öyrənilməyib, ictimaiyyətə yanlış məlumat verilib, nəticədə müstəqil QHT-lərə qarşı növbəti siyasi ayrı-seçkilik kampaniyasında APA agentliyi iştirakçı olub”.

Ramin Göyüşov və Aftandil Məmmədov isə APA-ya açıqlamalarında SMDT-nın bəyanatında qeyd olunanlarla razılaşmadıqlarını ifadə ediblər.

R. Göyüşov deyib ki, seçki prosesi zamanı müşahidə missiyasının həyata keçirilməsinə dair bir neçə təşkilatın, o cümlədən də SMDT-nın da qoşulduğu memorandum imzalanıb: “ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində” adlı layihə həyata keçirilib. Bu layihədə iştirak edən təşkilatlarla birgə monitorinqi həyata keçirmişik. Bizim monitorinq şəffaf və qanunun tələblərinə uyğun reallaşdırılıb. Nəticələrin hər hansı narazılıq yaratması mümkün deyil”.

A. Məmmədov isə əməkdaşlıq etdiyi qurumun onun fəaliyyətinə bu şəkildə qiymət verməsini narazılıqla qarşılayıb. A. Məmmədov bildirib ki, o, SMDT-da müşahidəçi yox, missiyanın koordinatoru vəzifəsini daşıyıb: “Mən 2012-ci ilin aprel ayından SMDT-nın Şimal bölgəsi üzrə koordinatoru kimi fəaliyyət göstərirəm. Mənim koordinator olmağımı müşahidə missiyasının üzvləri də təsdiq edər. Onları bir araya toplayıb bəyanat da verə bilərəm. 2012-ci ildən dəfələrlə təlimlər, seminarlar və digər tədbirlər keçirmişəm. Fəaliyyətimə görə yerli icra strukturları tərəfindən müəyyən təzyiqlərlə də üzləşmişəm. Bütün bunlara baxmayaraq, həmin təşkilatda fəaliyyətimi davam etdirmişəm. Prezident seçkilərində isə həmin bölgənin 6 dairəsində uzunmüddətli müşahidə missiyasının rəhbəri kimi fəaliyyətimizi həyata keçirmişik”.

O, müşahidə missiyasının rəhbəri kimi açıqlama vermək hüququnun olduğunu da diqqətə çatdırıb: “Hazırlanan yekun nəticələr məntəqələrdə olan müşahidəçilərdən mənə verilən protokollar əsasında hazırlanıb. Bundan sonra isə mətbuata açıqlama vermişəm. Ola bilər ki, SMDT-nın rəhbərliyi Şimal bölgəsi üzrə yekun nəticələrlə razılaşmasın. Ancaq mən bilirəm ki, açıqlamam faktlara dayanıb”.

A. Məmmədov həmin bölgədə uzun müddətdir, ictimai fəaliyyətlə məşğul olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR