QMİ: Azərbaycan cəmiyyətinin maraq və tələbini nəzərə alaraq, dini mövzulara dair maarif səciyyəli əsərlərin çapı həyata keçirilir

QMİ: Azərbaycan cəmiyyətinin maraq və tələbini nəzərə alaraq, dini mövzulara dair maarif səciyyəli əsərlərin çapı həyata keçirilir
# 02 aprel 2014 08:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qafqaz Müsəlmanları İdarəsi dini maarifçilik işinin genişləndirilməsi istiqamətində fəaliyyətin daha da intensivləşdirib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan dövlət müstəqilliyini qazandığı zamandan etibarən ölkənin mənəvi həyatına müxtəlif məram və məqsədlərlə müdaxilə halları mövcud olub.

QMİ bəyan edir ki, nəticə etibarilə, dini zəmində qarşıdurma, məzhəb ayrı-seçkiliyi yaratmağa yönəlik bu cür müdaxilələrin dövlətçiliyin əsaslarını zədələməyi, cəmiyyətdə vətəndaş həmrəyliyini pozmağı hədəf alması şübhəsizdir: “Azərbaycan milli və dini tolerantlığı ilə seçilən və dünyada tanınan bir ölkədir. Biz bu ənənələri hər zaman uca tutur, onu qoruyub saxlamağı vacib sayırıq. Ölkəmizin tərəqqisi milli həmrəyliyimiz və mənəvi sabitliyimizdən xeyli dərəcədə asılıdır. Ona görə də bu istiqamətdə maarifləndirmə işinə böyük ehtiyac duyulur. QMİ-nin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şurada tanınmış elm və din xadimlərinin tövsiyə və qərarı ilə son illər ərzində bir neçə sanballı əsərin akademik tərcümə və nəşri həyata keçirilib. Azərbaycan cəmiyyətinin maraq və tələbini nəzərə alaraq, aktuallıq kəsb edən dini mövzulara dair maarif səciyyəli əsərlərin çapı həyata keçirilir. Bunların sırasında, Mirməhəmməd Kərim Bakuvinin “Qurani-Kərim”in təfsiri – “Kəşfül-Həqayiq” əsərinin yeni redaktədə 3 cilddə təkrar nəşri işıq üzü görüb. Bu yaxınlarda, həmçinin, tanınmış alim Cəfər Sübhaninin “Vəhhabilik cərəyanı” kitabı da yeni redaktədə Azərbaycan dilində işıq üzü görüb. Bu işlər davam etdirilir və yaxın zamanda yeni əsərlərin çapı və yayılması gerçəkləşdiriləcək”.

QMİ-dən bildirilib ki, ümumislam əhəmiyyətli, dinin elmi şəkildə tədqiqinə həsr olunmuş bu əsərlərin ana dilimizdə latın qrafikası ilə nəşr edilməsi olduqca əhəmiyyətli haldır: “Məlum olduğu kimi, elmin, alimin milli və ya dini mənsubiyyəti olmur. Elmi əsərin dəyəri onun orijinal məxəz və mənbələrdən qaynaqlanması, müəllifinin obyektiv tədqiqatçı qismində yanaşması ilə müəyyən olunur. QMİ Elmi-Dini Şurasının qərarı ilə çap olunan əsərlər məhz bu növ mənbələrə - “Qurani-Kərim”in ayələrinə, səhih hədislərə əsaslanan, bütün İslam aləmində tanınan, ehtiramla qəbul olunan, milliyyəti, məzhəb və görüşlərindən asılı olmayaraq əsərləri ümummüsəlman kontekstində nəzərdən keçirilən müəlliflərin əsərləridir. Peyğəmbərimiz Həzrəti Mühəmməd Salavatullah buyurur ki, vətəni sevmək imandandır. Bu əsərlərdə vətənin mənafeləri, onun tərəqqi və rifahı naminə hər bir insanın səfərbər olmasının vacibliyi ilahi həqiqətlər işığında aşılanır, hamının bir yerdə Allahın ipindən yapışaraq bölünməməsinə çağırış təlqin olunur. Əminik ki, bu və nəşrə hazırlanan digər əsərlər din adından siyasi məqsədlər üçün sui-istifadə edənlərə, dinimizin müqəddəs dəyərləri və amalları ilə bir araya sığmayan ideyaları təbliğ edənlərə, radikallıq və ekstremizm təlqin edənlərə tutarlı cavab ola bilər. Bu əsərlər cəmiyyət daxilində bölücülük, nifaq toxumu səpənlərin, milli, dini, məzhəb müstəvisində qarşıdurma yaratmağa cəhd edən, müxtəlif dini cərəyanları radikal şəkildə təlqin, təbliğ edənlərin, habelə onların məkrli oyunlarına ölkəmizin istər daxilində, istərsə də xaricində havadarlıq edən qüvvələrin səylərini mənəvi müstəvidə zərərsizləşdirmək, əsl həqiqətləri cəmiyyətə çatdırmaq niyyətinə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR