İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadiminə hökm oxunub

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadiminə hökm oxunub
# 10 iyul 2013 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadiminə hökm oxunub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, höccətülislam Əbdüləziz Əzimi Qədim 7 ay 1 gün azadlıqdan məhrum edilib. Onun 20 gün ərzində apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, Ə. Qədim din xadimi olduğundan onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə. Qədim vəkillə təmin edilməyib. Bundan əvvəl də, yəni iyunun 19-da Marağa İnqilab Məhkəməsində İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən iki azərbaycanlı fəal - Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Onlar qanunsuz qruplara üzv olmaq və ölkənin milli təhlükəsizliyinə xələl vurmaqda ittiham edilirlər. Ancaq bu iki fəal barəsində hələlik qərar çıxarılmayıb.

Xatırladaq ki, Ə. Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Ə.Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR