Nazirlik: Məktəbin X sinfinə qəbul zamanı şagirdlərin öyrəndiyi xarici dil mütləq nəzərə alınacaq

Nazirlik: Məktəbin X sinfinə qəbul zamanı şagirdlərin öyrəndiyi xarici dil mütləq nəzərə alınacaq
# 01 oktyabr 2013 08:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda məktəbin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata keçiriləcək. APA-nın xəbərinə görə, Təhsil Nazirinin əmri ilə təsdiq olunun Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, övladının bu və ya digər sinfə qəbulu barədə valideynin ərizəsi ÜM-1 hesabat formasının təsdiqindən sonra verilərsə, həmin şagird məktəbə yeni gələn şagird kimi rəsmiləşdirilir. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilə bilər.

Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR