Rusiyalı hərbi-siyasi ekspert: “Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv vasitəçi kimi qoşulmaqdan getdikcə imtina edir”

Rusiyalı hərbi-siyasi ekspert: “Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv vasitəçi kimi qoşulmaqdan getdikcə imtina edir”
# 20 noyabr 2013 12:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya getdikcə Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə aktiv vasitəçi kimi qoşulmaqdan imtina edir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin dünən Vyanada keçirilən görüşünü şərh edən ekspert bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesinin formatı dəyişir: “ATƏT-in Minsk qrupu hər zaman işləməyə, ya da hansısa nəticələr əldə etməyə cəhd edib. Ümid var idi ki, əsas işi ATƏT-in Minsk qrupu deyil, həmsədr ölkələr görəcək. Rusiya münaqişə tərəfləri arasında razılığın əldə olunması üçün çox şey elədi, lakin nəticə əldə olunmadı. İndi isə Azərbaycan və Ermənistan prezidentləri Moskvada deyil, Vyanada görüşürlər. Yaxın zamanlarda isə iki ölkənin XİN başçıları Kiyevdə görüşəcəklər. Bu onu göstərir ki, münaqişənin həllinə edilən cəhdlər Minsk qrupunun qanadı altında həyata keçirilir. Hesab edirəm ki, bununla, Rusiya getdikcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv vasitəçi kimi qoşulmaqdan kənarda qalmağa çalışır. Gəlin, baxaq, son illərdə Rusiya bu münaqişənin həlli istiqamətində nələr edib? Rusiya Ermənistanı Gömrük İttifaqına qoşulmağa yola gətirə bilib. Moskva bunun müqabilində Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirəcəyinə söz verib. Qarşıdan Vladimir Putinin İrəvana səfəri gəlir. Səfər çərçivəsində iki ölkə arasında bir çox, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığa dair razılıq əldə olunacaq. Bura təkcə Ermənistan ordusunun modernləşdirilməsi deyil, həm də qarşılıqlı informasiya mübadiləsi və ümumilikdə hərbi sahədə sıx əməkdaşlıq daxildir.

Bu onu göstərir ki, hazırda Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşması impulsu gedir. Ona görə də, inanmıram ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində nəsə konkret addım atsın. Əksinə, Rusiya-Azərbaycan münasibətlərində isə staqnasiya dövrü yaşanır. Vladimir Putinin bu ilin avqust ayında Azərbaycana səfəri görünür ki, bir çox problemi həll etməyib. Burada Azərbaycanın qərbyönümlü siyasət yürütməsi öz sözünü deyir. Bu, normal haldır. Çünki Azərbaycan müstəqil, suveren dövlətdir. Lakin başa düşmək lazımdır ki, Rusiya mövcud vəziyyətdə eyni vaxtda həm Bakı, həm də İrəvanla münasibətləri eyni səviyyədə saxlaya bilməz. İnanmıram ki, Rusiyanın Ermənistanla münasibətləri Bakıya qarşı yönəlsin. Lakin başa düşmək lazımdır ki, Rusiya müəyyən istiqamətdə hərəkət edir ki, bu da Ermənistan istiqamətidir. Bu proses indi başlamayıb. Bir müddət əvvəl Rusiya müdafiə nazirinin, Baş Qərargah rəisinin Ermənistana səfərləri bu proseslərin başlanğıcı idi. Daha sonra Ermənistanın Gömrük İttifaqına qoşulmaq niyyətini bəyan etməsi bu prosesləri daha da sürətləndirdi”.

Rusiyanın Ermənistandakı hərbi bazasının komandanı Andrey Ruzinskinin “Krasnaya zvezda” jurnalına verdiyi müsahibəni şərh edən V. Yevseyev bildirib ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil və Rusiyanın Dağlıq Qarabağın ərazisini müdafiə etmək kimi öhdəliyi yoxdur: “Bir sözlə desək, Qarabağda Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlasa, Rusiyanın müharibəyə qoşulmaq öhdəliyi yoxdur. Lakin dolayısı yolla bu, Rusiyanı da müharibəyə sürükləyəcək. Bu dolayısı yol o deməkdir ki, Rusiya Ermənistanla vahid hava hücumundan müdafiə sistemi yaradırsa, radiolokasiya sistemlərinin əldə etdiyi informasiyaları mübadilə edirsə, onda Rusiyanın mövqeyi məlumdur. Onu da qeyd edim ki, bütün Cənubi Qafqaz Rusiyanın radiolokasiya sisteminin əhatə dairəsindədir. İnanmıram ki, Rusiya Dağlıq Qarabağda müharibə başlayacağı zaman radiolokasiya sisteminin əldə etdiyi məlumatları Ermənistandan gizlətsin. Rusiyanın Ermənistanda böyük hərbi eskadrilyası yerləşir. Çox güman ki, gələn ay İrəvanda aparılacaq danışıqlarda eskadrilyanın daha da zənginləşdirilməsi, hərbi aviasiyanın modernləşdirilməsi barədə razılıq əldə olunacaq. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiya birbaşa da olmasa, dolayısı yolla müharibəyə qoşulacaq.

Hərbi ekspert kimi deyə bilərəm ki, Ermənistandakı rus hərbi bazasının komandanının bəyanatı elə-belə deyilmiş sözlər deyil. Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiyanın müharibədən qaçmağı mümkün olmayacaq. Rusiyanın istədiyi kimi “status-kvo”nu uzun müddət saxlamaq da mümkün deyil. Bütün hallarda müharibə başlasa, bundan Rusiya da ziyan görəcək. Ona görə də Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Moskva əlindən gələni edəcək ki, müharibə olmasın. Dağlıq Qarabağda hərbi əməliyyatla başlayacağı təqdirdə, Türkiyənin də müharibəyə qoşulacağı və müharibənin regional xarakter alacağını nəzərə alsaq, onda Rusiyanın niyə müharibədən qaçdığını açıq aydın görmək mümkündür”.

Hərbi ekspertin fikrincə, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ konfliktini həll edəcəyi şübhə doğurur: “Bu problemin həlli ilə üç həmsədr ölkə məşğul olur. Rusiya problemin həllinə maraq göstərməyi dayandırıb. Qalır iki ölkə - Fransa və ABŞ. Fransa hazırda Yaxın və Orta Şərqdəki problemlərlə yüklənib. ABŞ-ın da gündəliyində duran əsas məsələ Dağlıq Qarabağ problemi deyil. Təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli dünya gündəmində həllini gözləyə vacib məsələ deyil. Rusiyanın da danışıqlar prosesindən özünü kənar etməsi bu problemin yaxın müddətdə həllinə qırmızı işıq yandırır. Buna baxmayaraq, Azərbaycan və Ermənistan qoşunların təmas xəttindən snayperlərin çəkilməsi kimi məsələləri həll edə bilər. O ki qaldı işğal olunan ərazilərdən qoşunların çəkilməsinə, bunun üçün tərəflərə siyasi təzyiqlər edilməlidir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri buna hazır deyillər. Dünən Vyanada danışıqların yenidən bərpa olunmasını yüksək qiymətləndirərəm, lakin bunun nəsə effektli nəticə verəcəyinə inanmıram”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR