Azərbaycan İƏT-in Ticarət və İnkişaf Bankı Rəhbərlər Şurasının 13-cü İllik Toplantısında təmsil olunub - FOTO

Azərbaycan İƏT-in Ticarət və İnkişaf Bankı Rəhbərlər Şurasının 13-cü İllik Toplantısında təmsil olunub - <span style="color: red;">FOTO
# 21 iyun 2014 09:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnkişaf Bankının (ECOBANK) Rəhbərlər Şurasının 13-cü İllik Toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı bankın Rəhbərlər Şurasında Azərbaycandan müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ş. Mustafayev çıxışında Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində ölkəmizin ticarət, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələrdə sazişlərə qoşulduğunu vurğulayıb. Bildirilib ki, ölkə 2013-cü ildə ECOBANK-a üzv olub. Hazırda Azərbaycan ECOBANK-ın üzv ölkələri ilə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq edir. Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda sərmayədarlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

ECOBANK-ın Rəhbərlər Şurasında Azərbaycandan müdir, iqtisadiyyat və sənaye naziri Ş. Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.

Nazir ECOBANK-ın prioritet sahələri olan infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, enerji və digər sektorların eyni zamanda, Azərbaycanın iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb, bankı ölkəmizdə bu istiqamətlərdə, xüsusilə özəl sektorda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Bankın xidmətlərinin Azərbaycanda geniş təşviqi üçün ECOBANK Rəhbərlər Şurasının İllik Toplantısının Azərbaycanda keçirilməsi təklif edilib.

Tədbirdə ECOBANK-ın 2013-cü il üzrə illik hesabatının təqdimatı keçirilib, bankın 2014-cü il büdcəsi təsdiq edilib, təşkilati məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR