TQDK abituriyentlərə xəbərdarlıq edib

TQDK abituriyentlərə xəbərdarlıq edib
# 17 may 2014 09:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiya imtahanda iştirak edən abituriyentlərə xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd olunub ki, imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini gətirmək lazımdır. Əgər bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyent imtahan binasına buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan sonra həmin gün saat 16:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatdıqdan sonra səhifədə yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR