II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb
# 13 iyun 2014 14:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 25-dən 29-dək keçiriləcək II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına (BBTFF) film qəbulu başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, seçim komissiyasına ümumilikdə 58 ölkədən 405 film daxil olub. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar.

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Bu il qonaqlar arasında Oskar mükafatlı kinematoqrafçılar da olacaq.

BBTFF çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir və təcrübə mübadilələri də həyata keçiriləcək.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Qeyd edək ki, festivalın informasiya dəstəkçilərindən biri APA İnformasiya Agentliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR