«BP-Azerbaijan» şirkəti «Qafqaz» Universitetinə 11 laboratoriya bağışlayıb

«BP-Azerbaijan» şirkəti «Qafqaz» Universitetinə 11 laboratoriya bağışlayıb
# 09 dekabr 2013 12:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «BP-Azerbaijan» şirkəti «Qafqaz» Universitetinə 11 ədəd dünya səviyyəli laboratoriya bağışlayıb.

«APA-Economics»in məlumatına görə, bu gün bununla bağlı Universitetdə keçirilən tədbirdə bildirilib ki, bu, «BP-Azerbaijan» şirkətinin təlim, tərəfdaşlıq və təhsil təşəbbüslərinin maliyyələşdirilməsi vasitəsilə ölkənin yerli mütəxəssislərinin və işçi qüvvəsinin potensialının inkişaf etdirilməsinə dəstək vermək istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir.

Bu laboratoriyalar Universitetin «BP-Azərbaijan» tərəfindən əsası qoyulmuş mexanika mühəndisliyi fakültəsi üçün nəzərdə tutulub. Yeni laboratoriyalar aerodinamika və maye mexanikası, istilik elmləri və istilik keçiriciliyi, daxili yanma mühərrikləri və avtomobil, material və metalloqrafiya, materialların müqaviməti, mexaniki vibrasiya və səsə nəzarət, mexanizmlər və maşın dinamikası, avtomatik nəzarət, layihələndirmə və adekvat modelləşmə, emal üsulları və təxribatsız sınaq üsulları sahələrində ixtisaslaşdırılıb.

Bu, «BP-Azerbaijan» və «Qafqaz» Universiteti arasında 2009-cu ildə anlaşma memorandumunun imzalanması ilə başlamış 5 illik tərəfdaşlığın davamıdır. Bu vaxtadək adıçəkilən tərəfdaşlıq çərçivəsində «BP-Azerbaijan» şirkəti 2009-cu ildə kimya mühəndisliyi fakültəsinin təsis olunmasına və onun ardınca 2011-ci ildə bu fakültə üçün 5 laboratoriyanın açılmasına dəstək göstərib. Həmin il şirkət həmçinin mexanika mühəndisliyi fakültəsini də təsis edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin sözlərinə görə, BP şirkəti yerli bacarıq və imkanların inkişaf etdirilməsinin, xüsusən də neft və qaz sahəsi ilə bağlı peşələr üçün dəstəklənməsinə ehtiyac olduğunu hesab edir: «Buradakı mütəxəssislər Xəzər regionunda gələcək nəhəng layihələrimizə və əməliyyatlarımıza cəlb olunacaq».

Q.Birrel bildirib ki, bu laboratoriyalar Universitetin tələbələrinin ölkə daxilində beynəlxalq standartlara cavab verən təhsil almalarına yardım etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu gün bağışlanan laboratoriyalar üçün 1,3 mln. dollar vəsait xərclənib. «BP-Azerbaijan» şirkəti bu günədək «Qafqaz» Universitetinə iki yeni fakültənin açılması və ümumilikdə 16 laboratoriyanın qurulmasına toplam olaraq 2,5 mln. dollardan artıq vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR