Nazir: “Azərbaycanın sığorta şirkətləri xarici sığorta şirkətləri ilə rəqabətdən çəkinmirlər”

Nazir: “Azərbaycanın sığorta şirkətləri xarici sığorta şirkətləri ilə rəqabətdən çəkinmirlər”
# 19 iyun 2014 11:59 (UTC +04:00)

Bakı – APA-Economics. “Azərbaycanın sığorta şirkətləri xarici sığorta şirkətlərinin yerli bazara daxil olmasından çəkinmirlər”.

APA-Economics”in xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Ölkədə fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən olunmasını şərh edərkən nazir bildirib ki, Azərbaycanın sığorta bazarı açıqdır və hər hansı xarici şirkət burada iştirak edə bilər: “Biz hesab edirik ki, Azərbaycanın sığorta şirkətləri artıq kifayət qədər təcrübə toplayıblar, kifayət qədər onların peşəkar kadrları və kapital bazası mövcuddur. Ona görə, onlar daxili bazarda xarici şirkət ilə rəqabətdən çəkinmirlər”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi müəyyən olunub. Qərara əsasən, bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərən bütün sığortaçıların ümumi nizamnamə kapitalında xarici kapitalın payı 50%-ə qədər ola bilər. 2015-ci ildən bu göstərici 70%-ə, 2016-cı ildən 85%-ə, 2017-ci ildən isə 100%-ə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR