Kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Senatının üzvü ilə görüşüb

Kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Senatının üzvü ilə görüşüb
# 10 oktyabr 2013 15:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycanda keçirilmiş prezident seçkilərində müşahidəçi qismində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü xanım Natali Quleni və Fransanın ölkəmizdəki səfiri Paskal Mönieni qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir İ.Abasov Fransaya səfəri çərçivəsində Fransa ilə potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi məqsədilə Aşağı Normandiya və Burqundiya regionlarına səfərlərin, Fransa parlamentinin deputatı, Azərbaycanın dostu senator xanım Natali Qule, həmin regionun Orn vilayətinin prefekti Jan-Kristof Moro, vilayətin Alenson şəhərinin meri Yoaxim Pueyo, Leql şəhərinin meri Tierry Pino, Fransanın Burqundiya regionunun Yon bölgəsinin Ali Şurasının prezidenti Andre Vilye, Yon vilayətinin prefekti Lö Dan, Şabli şəhərinin meri Patrik Qenro ilə keçirdiyi görüşlərin kənd təsərrüfatı sahəsində konkret əməkdaşlıq əlaqələri üçün əlverişli zəmin yaratdığını bildirib.

Azərbaycan kənd təsərrüfatı naziri İ.Abasov ölkə əhalisinin 48%-nin kənd yerlərində yaşadığını və Azərbaycanın hazırda işğal altında olan 20% ərazisinin həm heyvandarlıq, həm də əkin sahəsi baxımından çox vacib ərazi olduğunu, habelə bu işğalın milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhdidlər yaratdığını vurğulayıb. O, kənd təsərrüfatı naziri kimi tez-tez regionlarda, o cümlədən sərhədyanı bölgələrdə kənd təsərrüfatı ilə məşğul olan insanlarla görüşdüyünü, bu insanların işğal olunmuş torpaqların tezliklə azad olunmasına ümidvar olduqlarını və müharibəyə də hər an hazır olduqlarını bildirdiklərini qeyd edib.

Fransa Senatının deputatı xanım Natali Qule Azərbaycanda olduğu müddətdə qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduğunu və onların tezliklə doğma torpaqlarına qayıdacağına inandığını vurğulayıb, Fransa ictimaiyyətinə onların vəziyyəti barədə məlumat verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR