Həsən Ruhani: “İranın nüvə haqqını düşmənlərin ayaqları altına atmayacağıq”

Həsən Ruhani: “İranın nüvə haqqını düşmənlərin ayaqları altına atmayacağıq”
# 26 may 2014 14:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə haqqını düşmənlərin ayaqları altına atmayacağıq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran öz qanuni haqqı olan nüvə məsələsində şəffaf şəkildə addım atmaq istəyir: “Biz əvvəllər də bildirdiyimiz kimi, dincməqsədli nüvə texnologiyasından yararlanmaq niyyətindəyik. İran düşmənlərin zorbalığı qarşısında dik dayanacaq. İran xalqının nüvə mövzusunda göstərilən təzyiqlər qarşısında qələbə qazanacağına əminəm. “Altılıq” ölkələri qarşısında qanuni haqqımızı qoruyaraq məntiqlə irəliləyəcəyik. İran bu yolda sanksiya zəncirini qırmaqla dincməqsədli nüvə fəaliyyətlərini davam etdirəcək”.

H.Ruhani həmçinin deyib ki, bir qrup cahil dini cihad adına müsəlman dünyasında problem yaradaraq terror və vəhşilik yeli əsdirir: “Qərb dünyası İslam dünyası ilə qarşı-qarşıya gəlib. Qərb insan cəmiyyətlərinin mahiyyətini özünə bənzətməyə səy göstərir, İslamı bütün dünyaya başqa cür tanıtdırmağa çalışır. Böyük güclər dünya ictimaiyyətinə sahiblənmək istəyir. Ona görə də müsəlman dünyası öz mahiyyətini qorumaq üçün səhnəyə çıxmalıdır. Qərb dünyası istehlakçılığı, ədalətsizliyi və ayrı-seçkiliyi İslam dünyasının yeni nəslində yaymaq istəyir. Bu gün müsəlman gənc qızlarını qaçırmaq və vəhşicə kölə olaraq istifadə etmək istəyən bəzi qruplar İslam adına cahillik edirlər. Heç bir müsəlman bu kimi faciələr qarşısında səssiz qala bilməyəcək. Bu baxımdan İslam dinini və onun peyğəmbərini qorumaq üçün müsəlman ölkələrinin üzərinə çətin vəzifə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR