“eTwinning Plus” layihəsinin icrasına həsr olunan tədbir keçiriib

“eTwinning Plus” layihəsinin icrasına həsr olunan tədbir keçiriib
# 24 oktyabr 2013 13:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində “eTwinning Plus” layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin və “Mədəd Azərbaycan” təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə layihə haqqında ətraflı məlumat verilib, layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs olunb. “eTwinning Plus” layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılıb. Layihəyə qoşulan bir neçə müəllim layihə çərçivəsində Avropada iştirak etdikləri tədbirlər haqqında ilkin təəssüratlarını bölüşüblər. Sonra layihəyə qoşulan 20 məktəbin direktorları və müəllimləri sertifikatlarla təltif olunublar.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov layihə haqqında məlumat verərkən bildirib ki, bu layihə müəllim və şagirdlərin ölkələrarası layihələrdə iştirakı, onlarda yaradıcı yanaşmanın formalaşması, əməkdaşlıq və xarici dillərdə ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının real tətbiqi, həmçinin mədəniyyətlərarası bilik və təcrübənin bölüşməsi üçün gözəl vasitədir: “Azərbaycanda bu layihədə iştirak etmək üçün əvvəlcə “Elektron Məktəb” layihəsində iştirak edən 43 təhsil müəssisəsinə müraciət olub. Onlar üçün idarəmizdə 2 məlumatlandırma sessiyası keçirilib. Bu sessiyalarda məktəb direktorları, xarici dil müəllimləri, İKT üzrə məsul olan şəxslər üçün “eTwinning Plus” proqramı və bu proqramda iştirak qaydaları haqqında ətraflı məlumat verilib. Layihədə iştirak etmək üçün müraciət edən müəllimlər müsahibəyə dəvət olunub. İKT, dil və digər bacarıqlara malik olan müəllimlər müsahibədən uğurla keçib və təmsil etdikləri təhsil müəssisəsi ilə birgə bu layihədə iştirak etmək hüququ qazanıb. Bu gün artıq bu layihədə “Elektron Məktəb” layihəsində iştirak edən 20 təhsil müəssisəsi qoşulub”.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən digər 5 ölkə ilə birlikdə Avropa Birliyinin Qonşuluq siyasəti əsasında həyata keçirilən “eTwinning Plus” layihəsinə qoşulub. AB-nin Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişlənməsi nəticəsində meydana gələn “eTwinning Plus” layihəsi pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR