Qəza nəticəsində «Bulla-dəniz» yatağında gündə 3 mln. kubmetrədək qaz yanır

Qəza nəticəsində «Bulla-dəniz» yatağında gündə 3 mln. kubmetrədək qaz yanır
# 04 sentyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizində «Bulla-dəniz» yatağındakı 90 saylı quyuda qəzanın aradan qaldırılması istiqamətində aparılan işlərlə bağlı növbəti açıqlama yayıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir. ARDNŞ-in və «Halliburton» şirkətinin (ABŞ) «Boots&Coots» servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxıb, quyu ağzını təftiş ediblər. Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 mln. kubmetr/gün həcmində olması müəyyən edilib.

ARDNŞ-in və «Boots&Coots» şirkətinin mütəxəssisləri tərəfindən qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması istiqamətində məsləhətləşmələr aparılıb və birgə iş planı hazırlanaraq görülən işlərin ardıcıllığı təyin edilib. Bu məqsədlə ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasına məxsus «Qurban Abbasov» kran gəmisində zəruri avadanlıqların quraşdırılması işləri görülür. Gəmi işə hazırlandıqdan sonra tərtib edilmiş plan əsasında fontanın bağlanması və qəzanın tam şəkildə aradan qaldırılması işləri yerinə yetiriləcək.

Qeyd edək ki, istifadə olunacaq quyu ağzı avadanlıqların bir hissəsi Zabrat Maşınqayırma Zavodunda hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR