Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb
# 12 iyul 2013 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 55 m3/san azalaraq 82,2 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevəndə fenollar 4, mis birləşmələri 2, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə normanı ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.55-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR