Azərbaycanda yeni müasir tipli peşə təhsili kompleksləri yaradılacaq

Azərbaycanda yeni müasir tipli peşə təhsili kompleksləri yaradılacaq
# 09 dekabr 2013 10:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gələn ildən başlayaraq Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə məktəblərinin yaradılması istiqamətində sosial partnyorların peşə hazırlığına cəlb edilməsi, şəbəkənin optimallaşdırılması istiqamətində işlər görüləcək.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq və yerli təşkilatlar, iri maliyyə strukturlarının prosesə cəlb olunması nəticəsində nəinki Bakıda, hətta regionlarda yeni müasir tipli peşə təhsili kompleksləri yaradılacaq. Onun sözlərinə görə, yeni tikiləcək komplekslər nəqliyyat, tikinti, İKT, sənaye avadanlıqları üzrə ixtisaslaşmış müəssisələr olacaq.

N.Məmmədov qeyd edib ki, bu müəssisələr baza rolunu oynayacaq və gələcəkdə Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi üçün kadr probleminin həll edilməsi istiqamətində imkanlar yaradacaq.

Növbəti ildən iki peşə təhsili müəssisəsinin sıfırdan yaradılmasının nəzərdə tutulduğunu deyən şöbə müdiri bildirib ki, bu müəssisələrdə müasir avadanlıqlar yerləşdiriləcək: “Müəssisələrdə məzmunun təkmilləşdirilməsi ilə yanaşı, xaricdən mütəxəssislər dəvət olunması nəzərdə tutulur. Çünki xaricdən mütəxəssislərin dəvət olunması ondan ibarətdir ki, bizim hazırladığımız mütəxəssislər nəinki yerli bazara, dünya əmək bazarına da uyğunlaşsınlar. Bu prosesdə beynəlxalq partnyorlardan da istifadə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR