QAT “Qarabağ turu” çərçivəsində Təbrizdə görüşlər keçirib

QAT “Qarabağ turu” çərçivəsində Təbrizdə görüşlər keçirib
# 16 dekabr 2013 11:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədlinin İranın Təbriz şəhərinə 4 günlük səfəri başa çatıb.

QAT-dan APA-ya verilən məlumata görə, səfər zamanı Təbriz Universitetinin təşkilatçılığı ilə Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzində “İslam dünyası və Qarabağ” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransda Akif Nağı, Rövşən Əhmədli, doktor-professor Məhəmməd Əli Pərğu, doktor-professor Məhəmməd Əli Mütəfəkkiri Azad, doktor-professor Səlim Asizadə, doktor Həsən Quli-Qədimi, doktor Mehdi Nalbəndi və digərləri çıxış ediblər. Çıxışlarda Qarabağ münaqişəsinin bütün islam dünyasının problemi olduğu, hər bir dövlətin, cəmiyyətin bu təcavüzün nəticələrinin aradan qaldırılması üçün birgə səy göstərməsinin vacibliyi vurğulanıb.

Təbriz Universitetində “Beynəlxalq Qarabağ konfransı. Məqalələrin tezisləri” adlı kitabın təqdimatı keçirilib. Azərbaycan və fars dillərində hazırlanmış kitaba İran və Azərbaycandan olan müəlliflərin əsərləri daxil edilib. Görüşdə Beynəlxalq Qarabağ konfransına hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb. Səfər zamanı İran Milli Arxivinin Təbrizdə yerləşən Qədim Əlyazmalar Mərkəzi, Azərbaycan Muzeyi və digər mədəniyyət ocaqları, tarixi yerlər ziyarət olunub.

Sonra “Oyaq Təbriz”, “İslam İnqilabi və Mədəniyyətin Təbliği” və digər QHT nümayəndələri ilə görüş keçirilib. Səfər yerli mətbuatın da diqqət mərkəzində olub.

Səfərin sonunda Qarabağ həqiqətlərinin təbliği, İslam dünyasında Azərbaycanın haqq işinə dəstəyin gücləndirilməsi, Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətlərində birgə fəaliyyət üçün bir sıra razılaşmalar əldə olunub. Konkret olaraq “İslam dünyası və Qarabağ” mövzusunda müsəlman ölkələrində silsilə tədbirlərin keçirilməsi, İran və Azərbaycanın alimləri, media təmsilçiləri, QHT nümayəndələri və digər qrupların iştirakı ilə Bakı, Təbriz, Ərdəbil və digər şəhərlərdə birgə tədbirlərin keçirilməsi, İranda Qarabağ adına QHT və saytların yaradılması və genişləndirilməsi, universitetlərdə Qarabağ guşələrinin yaradılması nəzərdə tutulub. Yaxın vaxtlarda Bakıda “Qarabağ məsələsinə İran alimlərinin baxışı” adlı elmi-praktiki konfransın keçirilməsinə dair qərar qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR